"Kimsə istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq" - KAPİTAN

"Kimsə istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq" - KAPİTAN

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Konfrans Liqasının "Jelezniçar"la (2:0) oyunundan sonra mediasport.az saytına müsahibə verib...


- Ağır oyun oldu. Çünki, rəqib yaxşı müdafiə olunurdu. Müdafiəni yarmağa çalışırdıq. Topu pressinqlə alıb əks-hücumda ilk qolu vurduq. Ondan sonra bir az rahatlaşdıq. Fürsətlərimizi daha tez dəyərləndirsəydik, daha rahat olardıq. Təkbətək epizodlarımız var idi. Baş məşqçinin istəklərini yerinə yetirsək, gələcəkdə daha yaxşı olacağıq.

Adrian Mutunun rəhbərliyi altında dördüncü oyununuzu keçirdiz, komandada nə dəyişib?

- Keçmiş baş məşqçi haqda nəsə danışmaq istəmirəm. Dəyişiklik var. Mutu bizdən başqa futbol tələb edir. Biz onu yerinə yetirməyə çalışırıq. Neçə faiz olduğunu deyə bilmərəm. Baş məşqçimizin istədiyini daha yaxşı başa düşmək üçün vaxt lazımdır. O istəyir ki, daha çox topla oynayaq. Düzdür, bəzi məqamlarda alınmır. Oyundan-oyuna daha yaxşı olacağıq.

İki gün sonra ağır Gəncə səfəri var, ardınca Türkiyədə "Beşiktaş"la oyun...Hazırlaşmaq çətin olmayacaq?

- Əslində istəyərdim ki, "Kəpəz"lə oyunumuz evdə olsun. Çünki biz Azərbaycan üçün oynayırıq. Ona görə "Beşiktaş"la oyun bir az çətin olacaq. Səfərə getmək, qayıtmaq var. Lakin PFL, yaxud bilmirəm, kimsə istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq. "Beşiktaş"ı fikirləşib "Kəpəz"lə oyunu kənara qoya bilmərik. Gəncədə də qalib gəlməliyik. Çempionatın olk matçında xal qazanmaq vacibdir.

Klub prezidenti bildirdi ki, komanda güclənəcək, yolunu gözlədiyimiz hücumçular-futbolçular var. Bu barədə nə deyə bilərsən?

- Biz də gözləyirik. Nə qədər yaxşı oyunçular gəlsə, sevinirik. Onlar gələndən sonra komandamızın səviyyəsi qalxacaq. Daha yaxşı olmaq istəyirik.


Elvin