Deputat Azərbaycan klublarının oyununu dəyərləndirdi: "Səviyyəsiz alban hakim oyunu bərbad etdi"

Deputat Azərbaycan klublarının oyununu dəyərləndirdi: "Səviyyəsiz alban hakim oyunu bərbad etdi"

"Dünən məqsədli şəkildə komandalarımızın Avropa klubları ilə oyunlarını izlədim. "Qarabağ"ın uğurları bəlli, səfərdə inamlı qələbə, yəqin ki, Bakıda təkrarlanacaq".

Mediasport.az xəbər verir ki, bu fikirlər Millət vəkili Fazil Mustafaya məxsusdur.

"Qarabağ"ın Avropa meydanlarında çox rahat olduğuna diqqət çəkən deputat "Zirə" və "Sabah"ın inamlı qələbələrini xüsusi qabardıb:

"Qarabağ"dan sonra digər klublarımızın beynəlxalq rəqabətdə özlərini necə təqdim edəcəkləri önəmli idi. "Zirə" daha rahat qələbə qazandı və yəqin ki, növbəti tura adlayacaq. Həm də "Şerif"lə son oyundan qismən nəticə çıxardıqları özünü büruzə verirdi.

"Sabah"in oyununu çox bəyəndim. Ağıllı və intizamlı futbol oynadılar və layiqli qələbə qazandılar. Səfərdə Hayfa klubuna cavabsız 3 top vurmaq ciddi uğur sayılmalıdır. Öz meydançasında da yaxşı oynayacağına inanıram.

"Sumqayıt" da pis təsir bağılamadı. Səviyyəsiz albaniyalı bir hakim oyunu bərbad etdi. Qırmızı karta uzaqdan-yaxından uyğun gələn hansısa epizod yox idi. Əməlli-başlı komandanı sındırdı.

Buna baxmayaraq, komandada üstün xarakterli bir oyunçu da tapılmadı ki, çətin durumda hesabı bərabərləşdirmək imkanından istifadə etsin. Bu oyunlarda mən həm də Azərbaycan övladlarının potensialına xüsusi olaraq diqqət yetirirəm. Çünki sabah millimizin yükünü bu uşaqlar daşımalıdırlar.

Bu həm də milli çempionatda komandalarımızın varlığına peşəkar yanaşmanın olmamasını, habelə uşaq futbolunun savadlı şəkildə stimullaşdırılmamasını göstərir.

Futbolumuzun, ümumilikdə isə idmanımızın real vəziyyətini eşitmək, dinləmək üçün hansısa ictimai əhəmiyyətli müzakirə yoxdur! Azərbaycanlılar futbol oynaya bilir, gərək, başqa azərbaycanlılar da futbolu ağıllı şəkildə idarə etsinlər ki, ortaya nəticə çıxarmaq mümkün olsun.

Bütün hallarda komandalarımızı Avropa arenasında yaxşı təsir bağışladıqlarına görə təbrik edirəm".

Xatırladaq ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Cəbəllütariqdə "Linkoln"a qalib gəlib (2:1).

"Zirə" və "Sabah" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçlarında müvafiq olaraq "DAK 1904" və "Makkabi" klublarını darmadağın edib (4:0, 3:0), "Sumqayıt" isə bu raundda Macarıstanın "Fehervar" klubuna uduzub (1:2).