"Bu qolu başqa oyunçu da vursaydı, yenə öz vurduğum qolu seçərdim"

"Bu qolu başqa oyunçu da vursaydı, yenə öz vurduğum qolu seçərdim"

Azərbaycan milli komandası və "Qarabağ"ın futbolçusu, ötən həftə UEFA Avropa Liqasında turun qolunun müəllifi seçilən Toral Bayramov Mediasport.az saytına müsahibə verib.

Əvvəlcə "Zirə" üzərində 4:0 hesablı qələbəni şərh edərdin. "Zirə" çətin rəqib olsa da, sanki daha asan qalib gəldiz.

- Milli fasilə öncəsi son oyunumuz idi. "Zirə" çempionatda öz gücünü ortaya qoymuş, yüksək pillələr uğrunda mübarizə aparan komandadır. Pis oynamadıq, layiq olduğumuz qələbəni qazandıq. Məncə, asan qələbə yoxdur. Ümumiyyətlə, düşünmürəm ki, nə vaxtsa asan qələbə qazanmışıq. Kənardan bəlkə də elə görünə bilər. Sadəcə, ələ düşən imkanlardan istifadə etdik.

Premyer Liqada yenidən fasilə yarandı. Bu, komandaya necə təsir edəcək?

- Adətən fasilədən sonra bir qədər çətinlik olur. Çünki futbolçuların millidən sonra klubla birlikdə məşq etməsinə çox da vaxt qalmır. Amma düşünmürəm ki, öhdəsindən gələ bilməyək. Hamımız birlikdə xırda çətinlikləri aradan qaldıracağıq.

Millimizin qarşıda UEFA Millətlər Liqasının son iki oyunu var, əvvəlcə Estoniyanı qəbul edəcəyik...

- Xalımız, qələbəmiz olmasa da, bu Millətlər Liqasında heç də pis təsir bağışlamamışıq. Bütün oyunlarda yaxşı idik. Elə olub ki, rəqibdən üstün oynamışıq. Artıq qələbənin vaxtı gəlib. Əlimizdən gələni edəcəyik ki, Qəbələdə qalib gələk. Ondan sonra ikinci oyuna hazırlaşaq və İsveçdən də sərfəli nəticə ilə vətənə qayıdaq.

Səncə, bu millidə yaxşı nəticələr qazanmaq üçün potensial var?

- Bir neçə ildir ki, millinin üzvüyəm. Bundan qabaq da potensialımız olub, indi də var. Əminəm ki, sonra da olacaq. Sadəcə, milli elədir ki, orada daha çox bir yerdə olmaq lazımdır. Klubda il boyu birlikdəsən. Milliyə yeni baş məşqçi gəlib, yeni oyun fəlsəfəsi, taktika və.s.. Bunlara öyrəşmək zaman alan şeylərdir. Komanda olaraq bunun öhdəsindən gələ bilərik, bu gücə malikik.

Fernandu Santuş hər dəfə milliyə fərqli oyunçular dəvət edir, fərqli heyət qurur, fərqli taktika seçir. Bəlkə nəticə qazanmamaqda bunun da təsirləri var?

- Mən bu haqda nəsə deyə bilmərəm. Baş məşqçinin qərarı, seçimidir. Bizim işimiz onun tapşırıqlarını yerinə yetirməkdir.

UEFA Avropa Liqasında ilk qələbənizi qazandınız. Çoxları "Budö Qlimt"lə görüşü pley-off şansları baxımından həlledici oyun kimi dəyərləndirirdi.

- Sanki Avropa Liqasında da mövsüm başlayandan bəxtimiz gətirmirdi, şanslardan yararlana bilmirdik. Nəsə səbəb var idi. Onu özümüz də bilmirik. Amma şükürlər olsun ki, bu seriyanı qırdıq. Yaxşı mübarizə apardıq Norveçdə. Bizə qarşı olan çox amillər var idi. Stadionun ot örtüyü, hava...Amma baş məşqçinin dediklərini yerinə yetirib Norveçdən maksimum nəticə ilə qayıtdıq. Bundan sonrakı matçlarda daha yaxşı mübarizə apara bilərik. Bunun üçün ən yaxşısını edəcəyik. 

Bu üç xalı pley-off-a çıxmaq üçün dönüş nöqtəsi saymaq olar?

- Onu gələcəkdə görərik. Həmişəki kimi, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Avroliqada qarşıda dörd oyun var. Proqnozun necədir?

- Asan rəqib yoxdur. Hamısı çətin, güclü komandalardır. Bundan qabaq da biz belə rəqiblərlə qarşılaşmışıq. Öz oyunumuzla göstərmişik ki, heç kimdən çəkinmirik, hamı ilə oynaya bilirik, bu gücə malikik. Bundan qabaq necə olubsa, sonra da daha yaxşısını edəcəyik ki, nəticələrimiz də yaxşı olsun.

"Budö Qlimt"ə vurduğun qol gündəmi zəbt etdi, Avropa Liqasında həftənin ən yaxşısı seçildi. "Qalatasaray"ın futbolçusu Yunus Akgünün qolu ilə birlikdə Türkiyənin sosial mediasında da xeyli müzakirə olundu. Nə deyə bilərsən?

- Uzaqdan zərbələr vurmağı sevirəm. Top artıq havada olanda zərbə vurmağı fikirləşirdim. Şükürlər olsun ki, dəqiq vura bildim və qol oldu. Sevinirəm ki, səfərdə çox vacib qol vurdum, komandama kömək etdim. Oyundan sonra uşaqlar dedilər ki, Yunus Akgün də belə qol vurub, baxdım. Namizəd qolların hamısına baxdım. Fikirləşirdim ki, ya mənim vurduğum həftənin qolu seçiləcək, ya da Yunusun. Mənim qolum seçildi. Buna görə də şadam. Çalışacam ki, bundan da gözəl və vacib qollar vurum.

Özün seçmiş olsaydın, hansı qolu seçərdin?

- Bu qolu mən yox, başqa oyunçu da vursaydı, yenə də öz vurduğum qolu seçərdim.

Elvin