DYP Azərbaycan - Avstriya oyunu ilə bağlı azarkeşlərə müraciət edib
"Azarkeşlər oktyabrın 16-da Azərbaycan - Avstriya oyununun keçiriləcəyi stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versələr, daha yaxşı olar".
Mediasport.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP rəsmisi qeyd edib ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir: "Ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.
Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bir daha azarkeşlərdən əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.
Matç saat 20:00-da başlanacaq.