"Premyer Liqanın 4-qat qalibi, çempionatın 22 yaşlı bombardiri"
"O, "Bakı"nın akademiyasından ölkənin ən məşhur klubu "Qarabağ"a keçdi. 22 yaşında Azərbaycan Premyer Liqasının bombardiri olmuşdu. Həm də 4 dəfə ölkə çempionu tituluna yiyələnmişdi".
Mediasport.az xəbər verir ki, bu, Almaniya 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"in rəsmi saytının azərbaycanlı hücumçu Mahir Emreli ilə müsahibəsinin girişindən bir hissədir.
Mahir verdiyi açıqlamada "köhlən atlar"la UEFA Çempionlar Liqasındakı çıxışından danışıb:
"Qarabağ"ın heyətində Londondakı "Stemford Bric"də "Çelsi" ilə ilk Çempionlar Liqası oyununu xatırlayıram. Şansımız olmasa da, bizim üçün tarixi görüş idi. "Borussiya" (Dortmund), "Roma", PAOK klubları ilə səfər matçlarında stadionda olan ab-hava daha yadda qalan olub".
Karyerası ilə bağlı fikirlərini bölüşən hücumçu legioner həyatı yaşamağı daha çox Azərbaycan adını önə çıxartmaq üçün etdiyini bildirib:
"Azərbaycandan Almaniya, Xorvatiya, Polşaya çox futbolçu yollanmayıb. Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, bu addımı atmağa cəsarət etsinlər. Mən özüm çox ünsiyyətcil insanam, yeni və fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm".
Mahir ölkəmiz haqda bəhs edərkən Azərbaycanın tolerant (dini dözümlü) ölkə olduğunu vurğulayıb:
"Biz müsəlman ölkəsiyik. Bütün dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Ölkəmizdə məscidlər, yəhudi sinaqoqları, kilsələr var. Məsələn, ruslar Ukraynadan gələn mühacirlərlə bir yerdə yaşayırlar. Ölkəmiz digər mədəniyyətlərlə birlikdə böyüyür və onlarla harmoniyada yaşamağı öyrənir. Bu səbəbdən heç vaxt başqa mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkməmişəm. Hazırda bu dünyada çoxlu nifrət var. İnsanlara başqa yol olduğunu göstərmək istəyirəm".
Rövşən ƏLİSOY