"Formula 1" Qran-prisi: Fan-zona və konsert biletləri satışa çıxarıldı

"Formula 1" Qran-prisi: Fan-zona və konsert biletləri satışa çıxarıldı

Sentyabrın 13-15-də keçiriləcək "Formula 1" Azərbaycan Qran-prisi üçün fan-zona biletləri və konsert biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsinin sonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri Formula 1 dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar Formula 1-dən ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyun və fəaliyyətlər təklif olunur.

Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

Xatırladaq ki, sentyabrın 13-14-də keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ulduzları Uill Smit, Blək Koffi və J Balvin çıxış edəcəklər.

Biletləri Bakı Şəhər Halqasının rəsmi veb-saytından və mobil tətbiqindən əldə etmək mümkündür.