Azərbaycan millisinin baş məşqçisi 0:4 hesablı darmadağını şərh etdi

Azərbaycan millisinin baş məşqçisi 0:4 hesablı darmadağını şərh etdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Macarıstana 0:4 hesabı ilə uduzub.

Mediasport.az xəbər verir ki, yığmanın çalışdırıcısı İlham Yadullayev məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:

"Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda üçüncü qolu buraxdıq".

O, fasilədən sonra üstünlüyü ələ aldıqlarını bildirib:

"İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da, Bakı vaxtı ilə 14:00-da Rumıniyanın "Tunari" stadionunda keçiriləcək.