Hakimin oyunu qumara qoyması iddiasına AFFA və PFL-dən CAVAB
Xəbər verdiyimiz kimi, dünən futbol üzrə Azərbaycan 2-ci Liqasının "Göygöl" - "Şəki Siti" matçında qalmaqal yaşanıb.
Baş hakim Rövşən Rəcəbovun idarə etdiyi və bir neçə qırmızı və sarı vərəqə ilə yadda qalan qarşılaşmanın 77-ci dəqiqəsində meydan sahiblərinin futbolçuları və referi arasında xoşagəlməz hadisələr yaşanıb.
Nəticədə oyun 80-ci dəqiqədən sonra davam etdirilməyib. Göygöl təmsilçisi matçdan sonra bəyanat yayaraq, hakimin onların komandasına qarşı ədalətsiz mövqe tutduğunu bildirib (https://mediasport.az/azerbaycan-futbolunda-boyuk-qalmaqal-hakim-oyunu-qumara-qoyub).
"Göygöl"ün daha ciddi narazılığı isə baş hakimin oyunu mərc kontorlarına qoyması şübhəsi ilə bağlı olub.
Klub yaydığı bəyanatda matçın idarəçiliyinin ciddi araşdırlması ilə bağlı AFFA və çempionata cavabdeh qurum olan Peşəkar Futbol Liqasına müraciət edib.
Mediasport.az hər iki qurumun mövqeyini öyrənməyə çalışıb. Həm AFFA, həm PFL-in mətbuat xidmətlərinin rəsmi cavabı eyni olub:
"2-ci Liqa bu ildən etibarən keçirilir, yəni, yeni liqadır. Bütün liqalarda olduğu kimi, burada da təhlükəsizlik məsələləri bizim üçün çox önəmlidir. Dünən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Göygöl” – “Sheki City” matçı baş hakim Rövşən Rəcəbovun qərarı ilə yarımçıq dayandırılıb. Yarımçıq dayandırılmış oyunun həm baş hakimi, həm də AFFA nümayəndəsi yazılmış raportunu təqdim edib. Eyni zamanda Peşəkar Futbol Liqasının oyunla bağlı çəkilişi var. Peşəkar Futbol Liqasının 2023/2024-cü illər üçün Əsasnaməsində bu cür halların tənzimlənməsi ilə bağlı bəndlər yer alır. Baş hakimin fikrincə futbolçuların, rəsmi şəxslərin və kənar şəxslərin müdaxiləsi varsa, matç yarımçıq dayandırıla bilər. Bu cür hallara görə yarımçıq dayandırılmış oyunlar yenidən keçirilmir. Oyunla bağlı müvafiq qərarların verilməsi müvafiq şəxslərin raportlarına əsasən, AFFA İntizam Komitəsinə həvalə olunur. PFL Əsasnamənin tələblərinə uyğun olaraq bütün prosedurları həyata keçirir və lazımi sənədlər AFFA İntizam Komitəsinə həvalə olunur".