"Cavab görüşündə biz rəqibə meydan oxuyacağıq" - FƏRRUX MAHMUDOV

"Cavab görüşündə biz rəqibə meydan oxuyacağıq" - FƏRRUX MAHMUDOV

"Komandanın ruhu, daxili atmosfer çox yüksək səviyyədədir. Uşaqlar bir-birlərini çox yaxşı başa düşürlər. Uğurlu çıxış etmək üçün bu, mühüm amildir".

Bu sözləri MediaSport.az saytına açıqlamasında "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov deyib.

Klub rəsmisi bildirib ki, Sarayevodakı qarşılaşmada komandanın üzərində təzyiq də böyük idi:

"Gördüyünüz kimi, stadion da ağzına qədər dolmuşdu. Hətta o təzyiqə hakimlər də dözmədilər. Buna baxmayaraq, biz rəqib meydanında sona qədər təmkinlə mübarizə apardıq, uşaqlar təslim olmadılar və son saniyələrdə bərabərlik qolunu vurduq. İndi oyuna hazırlaşırıq, hər şey əladır. Bütün azarkeşlərimizi stadiona səsləyirəm, gəlin, bir olaq. Mən inanıram ki, Bakıdakı cavab görüşündə biz rəqibə meydan oxuyacağıq".

Qeyd edək ki, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Jelezniçar" qarşılaşması Bakı vaxtilə saat 21:00-da başlanacaq. İlk oyun 2:2 hesabı ilə yekunlaşıb.