Qurban Qurbanov: "Hamısı bu cür davranışlara görə cəzalarını alırlar"

Qurban Qurbanov:  "Hamısı bu cür davranışlara görə cəzalarını alırlar"

Azərbaycan Premyer Liqasının 7-ci turunun son oyununda "Qəbələ" doğma meydanda "Qarabağa məğlub olub - 1:2.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun 88-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılan baş məşqçisi Qurban Qurbanov görüş haqqında fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik. "Qəbələ"yə uğurlar arzu edirəm.

Kevin Medianının epizodunu necə dəyərləndirirsiz?

- Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi. Kevin də özünü saxlaya bilməyib cavab zərbəsi vurdu.

İlk dəfədir qırmızı vərəqə alırsınız.

- Yox, ikincidir. "İnter"lə oyunda qırmızı vərəqə görmüşdüm. Onda da oyunçumuzu vurmuşdular.

İlk sarı vərəqəni nəyə görə gördüz?

- Kənardan mənim oyunçuma müdaxilə oldu. Müdaxilə edən şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim.

Oyundan sonra hakimlə nə danışırdız?

- Hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci sarı verdirdi. Bəzən dördüncü hakimlər oyuna çox müdaxilə edirlər.

Andrey Lunyovun performansını necə dəyərləndirirsiz?

- Bu gün çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olmalıdır. Çempionat gərgin gedir, bəzən düşünmədiyiniz hallar yaşanır. Düşünməzdik ki, 10 nəfərdə qalarıq. Belə hallara hazır olmalıyıq.

İlk 10 dəqiqədə iki qol vurduz. Amma bundan sonra komandanın oyunu dəyişdi. Arxayınlıq ola bilər?

- Ola bilər. Amma inanmıram ki, ciddi arxayınlıq olsun. Kənardan biz də müdaxilə edirdik. Rəqib itiriləcək bir şeyi olmayanda riskə gedir. Bu riskə hazır olmaq lazımdır.

Kevin Medinanı intizamsızlığı ilə bağlı onu cəza gözləyir?

- Hamısı bu cür davranışlara görə cəzalarını alırlar. Futbolçuları da başa düşmək lazımdır. Onların da xarakteri var. Amma bu cür qırmızı vərəqəyə görə cəzalarını alırlar.

Nəriman Axundzadəyə bundan sonra da güvənəcəksiz?

- Az oynamayıb. Bundan sonra da ona güvənəcəyik. Öz üzərində çox işləməldiir. Potensialı böyükdür. Amma futbol haqda daha çox düşünməldiir. 

Nərimanın U-21 millisinə dəvət olunmaması ilə bağlı mediada belə iddialar var ki, futbolçu "Qalatasarya"la matç zamanı yığmaya getmək istəməyib. Bundan sonra da baş məşqçi Samir Əliyev ona dəvət göndərmir. Bu haqda sizin fikirləriniz necədir?

- Deyə bilmərəm niyə çağırılmır. Səhv etmirəmsə, "Qalatasaray"la oyundan əvvəl futbolçularımınızın az olması ilə bağlı Samir Əliyevlə danışığımız olmuşdu. Bizə belə fikirlər çatıb ki, məsuliyyətsizliyi var. Amma dəqiq bilmirəm.