"Komandanın daxili kodeksi var, Zamiqi cəzalandıracağıq"
“4 il fasilədən sonra Gəncəyə böyük futbol qayıtdı. Buna görə də, ilk 15 dəqiqədə futbolçularımda həyəcan hiss olunurdu. Qol buraxdıqdan sonra futbolçularım ayıldı. Yaxşı oynadıq. Komandamın bugünkü mubarizəsi məni təccübləndirdi”.
mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”yə məğlubiyyəti sərh edən “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.
Təcrübəli çalışdırıcı daha sonra Zamiq Hüseynovun qırmızı vərəqə aldığı epizodla bağli danışıb:
“Zamiq gənc oyunçudu. Komandanın daxili kodeksi var. Onu cəzalandıracağıq. Yəqin ki, pul cəzası qaçılmazdı”.
Əhmədov daha sonra əvəzedici heyətə göndərdiyi Əli Səmədovla bağlı verilən sualı belə cavablandırıb:
“Məğlubiyyətə mən cavabdehəm. Bir neçə tapşırığımı yerinə yetirmədiyinə görə cəzlandırmışam. Bu, hamıya dərs olmalıdı. Xüsusən də kapitana”.
Yeni transfer etdiyiniz qapıçının durumu nə yerdədir?
- Marioda bir az problemlər çıxıb. Mediaya məlumat veriləcək Hələ ki, meneceri ilə danışıqlar gedir.
10 oyundan sonra 4 futbolçu qırmızı vərəqə alıb, 2 oyunçu əvəzedici heyətə göndərilib. Nizam-intizamla bağlı problem var?
- Bir ay ərzində hər şeyi dəyişmək olmur. Futbolçu qıtlığı var, bəzi mövqelərdə rəqabət azdır. Peymanın xəstə olması, Elvinin zədədən yeni qayıtması problem yaradır. Yusif Nəbiyevin mövqeyində ikinci oyunçumuz yoxdur. Rəqabətin olmadığı mühitdə nəyisə dəyişmək çətindir. Oyun baxımından bəzi dəyişikliklər var. Biz bu günü yox, gələcəyi fikirləşirik. Qırmızı vərəqələr də qaçılmazdır. Hər mövqedə 2-3 futbolçu olanda onda edəcəyi hərəkətləri düşünərlər. Belə oyunlarda bəzən qırmızı vərəqə qaçılmaz olur. Oyunçularda aqressivlik, istək var, özlərini göstərmək istəyirlər. Bəzən istək o qədər çox olur ki, futbolçu qərarlarını da düzgün icra edə bilmir. Tədricən bunlar da öz yoluna düşəcək.
5-ci oyundur "Kəpəz"dəsiz. Bu müddətdə nəyi dəyişə bilmisiz?
- Komandada oyun sistemi dəyişib. Oyunu daha çox meydanın rəqibə aid olan hissəsində aparmağa çalışırıq. Müdafiədə oturub, əks-hücumlara bel bağlamırıq. Komandanın özümə inamı var. Biz bura gələndə futbolçular elə bil futboldan küsmüşdülər. Oyundan-oyuna komandada inkişaf var. Ehtiyatımız olmadığına görə stabil oyun nümayiş etdirə bilmirik. Buna görə də məğlubiyyətlər qaçılmazdır.
Gəldiyiniz gün Rauf Əliyevi əvəzedici heyətə göndərdiz, daha sonra Əli Səmədovu. Bu gün də dediniz ki, Zamiq Əliyevi cəza gözləyir. Bu gestapo rejiminin futbolçuları sizə qarşı qaldıracağından qorxmursuz?
- Yox. Mən heç vaxt belə şeydən qorxmamışam. İşlədiyim yerdə hər zaman nizam-intizamın olmasına çalışmışam. Heç kim başqasından üstün deyil. Nə həyatda, nə də kollektivdə. Hamı uğur üçün çalışmalıdır. Əgər bir insan cəzalanırsa, deməli bunu haqq edir. Bu, sonrakı mərhələdə digərlərinə dərs olur. Əgər bir oyunçu qırmızı vərəqə alıb 5 oyun cəzalanırsa, Maddi durumu pis olan komandanı 4000 manat ziyana salırsa, kim zəmanət verə bilər ki, o bir daha eyni hərəkəti etməyəcək? Kim mənə zəmanət verər ki, Əli Səmədov növbəti matçlarda tapşırığı yerinə yetirəcək? Daxili kodeks var, cəzanı almalıdırlar. Həm sarı vərəqə, həm də qırmızı vərəqədə çoxlarından irəlidəyik. Futbolçu meydanda futbolunu oynamalıdır. Gələcəkdə nə olacağını heç birimiz bilə bilmərik. Çalışıram ki, sağlam kollektiv olsun. İşlədiyim klublarda elə olub ki, 16 futbolçu ilə nəticə əldə etmişəm. Futbolçu formasını geydiyi klubun mənafeyi üçün düzgün qərarlar qəbul etməlidir. Qorxacağımız, çəkinəcəyimiz bir şey yoxdur. Qışa qədər komanda lazımi mövqeyini əldə edəcək.
Ehtiyat qüvvənin azlığından şikayət etdiz. Rəhbərliklə bununla bağlı danışığınız olub?
- Bunun üzərində iş gedir. Hətta indiki məqamda bir neçə futbolçu cəlb etmək istəyirik. Futbolçuların Gəncəyə gəlmək problemi var. Çünki, bura Bakıdan uzaqdır. Komandanın Premyer Liqaya yeni çıxdığını eşidəndə də gəlmək istəmirlər. Qışa qədər bir hücumçu istəyirik. Olmasa, qışda həm yerli, həm legioner oyunçular cəlb edəcəyik. Bir neçəsi ilə danışıqlar gedir. Hələ ki, konkret nəticə əldə olunmayıb.