"Məqsədimiz avrokuboklara çıxmaqdır, heç kimdən zəif deyilik"
"Araz-Naxçıvan"ın müdafiəçisi Turan Manafov Azərbaycan Premyer Liqasının 3-cü turunun "Qarabağ"la səfər oyunundan sonra mediasport.az saytına müsahibə verib...
25 yaşlı cinah futbolçusu əvvəlcə Ağdam klubu ilə görüş haqda fikirlərini bölüşüb:
- Çox çətin oyun oldu. Elə bir matç alındı ki, qələbə də qazana da bilərdik, heç-heçə də ola bilərdi. Gördüz ki, komanda sona qədər yaxşı mübarizə apardı. Bəlkə də heç kim belə oynayacağımızı gözləmirdi. Sona 1-2 dəqiqə qalmış diqqətsizliyimizdən qol buraxdıq. Oyun baxımından götürsək, məncə, yaxşı çıxış edərək rəqiblə mübarizədə heç nədən geri qalmadıq.
"Qarabağ"a qarşı oyununuz yaxşı alındı. Bunu gözləyirdiz, yoxsa sadəcə, oyun alındı?
- Düzdür, yeni komandayıq, heç kim belə oyun gözləmirdi bizdən. Amma mən yoldaşlarıma güvənirəm. Heç bir komandadan zəif deyilik. Bəzi çatışmazlıqlarımız var, təzəyik, çox futbolçu çempionata 3-5 gün qalmış gəlib, çoxu təlim-məşq toplanışı keçməyib, yoldaşlıq oyunlarında heyətdə olmayıb. Rəqiblərimizin çoxu ilə müqayisədə, normal toplantı da keçməmişik. Ümumən inanıram ki, bundan da yaxşı çıxış edəcəyik. Hazırda komandada elə futbolçular var ki, kollektivlə cəmi 4-5 gün məşq edib, ancaq əsas heyətlə oyunlara çıxır. Bütün bunları nəzərə alsaq, əminliklə deyirəm ki, komandamızın potensialı var. İndiki halda hər şey əladır. Belə davam etsək, heç bir komandadan geri qalmayacağıq.
İlk hissədə sizin təmiz penaltiniz verilmədi, fasilədən sonra "Qarabağ"ın. Ümumi götürsək, hakimin oyunun nəticəsinə təsiri oldu?
- Epizodların heç birinə dəqiq baxmamışam. Bizə də, onlara da vermədisə, problem yoxdur. Məncə, hakim nəticəyə təsir etmədi. Buraxdığımız qollar öz səhvlərimizdən oldu.
Səncə, "Araz-Naxçıvan" bu heyətlə Premyer Liqada hansı yerlər uğrunda mübarizə apara bilər?
- Hələ 3 turdur çempionat başlayıb. Hər gələn oyun ötən matçdan daha ağır olur. Əgər belə davam etsək, ən azı ilk "4-lük" uğrunda oynaya bilərik. Bu mənim şəxsi fikrimdir.
Bəs ümumən rəhbərlik komandanın qarşısına hansı hədəfi qoyub?
- Qarşımıza qoyulan məqsəd avrokuboklar uğrunda mübarizə aparmaq və vəsiqə qazanmaqdır. İnşallah, əlimizdən gələni edəcəyik. Bunun üçün sona qədər mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək.
Komanda Naxçıvana qayıdıb evdə oynasa, nəticələrinizə necə təsir edər?
- Əlbəttə, doğma meydanda azarkeşlərimizin qarşısında oynasaq, çox xeyiri ola bilər. Muxtar respublikadır, Premyer Liqada yalnız 1 təmsilçisi var. Orada oynasaq, oyunlarımıza daha çox azarkeş gələr və bizimçün əlavə üstünlük olar. Amma bu, cari mövsüm üçün real görünmür. Bilmirəm, Naxçıvan stadionda işlərə başlanılıb-ya yox, istənilən halda gələn ildən doğma meydanda çıxış etsək, necə olacağını görərik.