"Bizi “Qarabağ”la ağır görüş gözləyir" - "Hekken"in forvardı
Oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Hekken"in hücumçusu Eduard Çilufya çempionluq şansları və avrokubokda növbəti matç haqqında düşüncələrini bölüşüb.
Mediasport.az xəbər verir ki, 24 yaşlı zambiyalı forvard İsveç mətbuatına açıqlamasında onları Azərbaycan çempionu ilə çətin duelin gözlədiyini deyib.
Göteborq təmsilçisində icarə əsasında çıxış edən "Midtyulland"a (Danimarka) məxsus Çilufya İsveç Superliqasının AİK-lə qarşılaşmasından sonra bunları deyib:
"Superliqada mövsümün başa çatmasına çox az qalıb. Həm çempion ola bilərik, həm medal qazanmaq imkanımız var. Bunun üçün sona qədər çalışacağıq. Amma bunadək avrokubokları da unutmamalıyıq. Bizi “Qarabağ”la ağır görüş gözləyir və hazırıq. Bu görüş komandamız üçün vacib qarşılaşmadır”.
Qeyd edək ki, İsveçdə mövsümün başa çatmasına 5 tur qalmış aktivində 50 xal olan "Hekken" 24 oyundan sonra 1-ci pillədə qərarlaşmış "Malmö"dən 2 xal geri qalır.
“Ullevi” stadionuna baş tutacaq "Hekken" - "Qarabağ" görüşü Bakı vaxtilə saat 23:00-da start götürəcək.