Həlak olmuş ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi - SƏRƏNCAM

Həlak olmuş ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi - SƏRƏNCAM

"Azərbaycan Hava Yolları" QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olmuş ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Mediasport.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.

Ölkə başçısının digər Sərəncamı ilə hadisə nəticəsində xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, göyərtəsində ümumilikdə 67 nəfər olan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

38 nəfər həlak olub, ekipaj üzvlərinin xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirərək sərnişinlərin həyatının xilas edilməsində fədakarlığı sayəsində 29 nəfər sağ qalıb.