"Həm həyəcan var idi, həm də sanki oyuna tam hazır deyildik"
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-ə qalib gələrək növbəti raunda yüksəlib - 1:0.
Mediasport.az xəbər verir ki, Xankəndi şəhərində baş tutan tarixi görüşdən sonra mətbuat konfransında iştirak edən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun barədə danışıb.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavanlandırıb:
- Hər kəsi təbrik edirəm. Burada idman jurnalistləri üçün ilk konfransdır. Həddindən artıq sevincliyəm. Neçə illər bunu həsrətlə gözləyirdik. Heç kim inana bilmirdi ki, ilk oyunumuz məhz Xankəndidə olar. Buna görə başda cənab prezident İlham Əliyev olmaqla, ordumuza təşəkkür edirəm. Şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə şəfalar arzu edirəm. Onların sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzu edirəm. Oyundan danışmağa ehtiyac yoxdur. Bizimçün çətin oldu. Həm həyəcan var idi, həm də sanki tam hazır deyildik. Burada futboldan başqa söhbətlər geedirdi - Xankəndi, Şuşa haqda danışılırdı. Buna görə bütün diqqət futbola ayrıla bilmirdi. Qolu da son dəqiqələrdə vurduq. MOİK sona kimi mübarizə apardı. Onlara təşəkkür edirəm. Futbolçularıma da təşəkkür edirəm, intizamlı oynadılar.
MOİK I Liqa komandası olmasına baxmayaraq, yaxşı mübarizə apardı. Belə oynayacaqlarını gözləyirdiz?
- Düzü, yox. Bir neçə oyunlarının epizodlarına baxmışdıq, çox yaxşı müdafiə olunur, əks-hücumlara çıxa bilirdilər. Belə oyuna görə futbolçularda həyacan var idi və performanslarını tam göstərə bilmirdilər.
Komanda artıq 1/4 finaldadır. Kubokda qalan oyunları da burada keçirə bilərsiz?
- Kubok oyunlarını Xankəndidə keçirmək istəyirik. Lakin bundan sonra bir oyun evimizdə olacaq, rəqib komandalar razılaşar, razılaşmaz bilmirik. Oyunlarımızı burada keçirmək istəyirik və düşünürəm ki, ciddi addımlar atılacaq.
Oyundan əvvəl prezident İlham Əliyev "İmarət" stadionunda yenidənqurma işlərinin başlayacağını bildirdi. Buna münasibətiniz necədir?
- Çox xoş oldu. Cənab prezidentin çox yaxşı siyasəti var, var-dövlətimizi geri qaytarmaq istəyir. Ağdamda "İmarət" uzun illər olub və indi oyun qaytarmaq istəyir. Mədəniyyətimizi qoruyub-saxlamaq istəyir və təşəkkür edirəm ki, belə dərindən düşünür, diqqət ayırır. Stadion hazır olanda orada böyük məmnuniyyətlə oynamağa hazırıq.
Riçard Almeydanın əvəzlənməsi nə ilə bağlı idi?
- Başından zədə aldı və özünü yaxşı hiss etmədi.
Sizcə, MOİK bu heyətlə, bu oyunla Premyer Liqada mübarizə apara bilər?
- Birinci Liqada mübarizə aparacaq, yəqin, heyətini genişləndirəcək. Birdən-birə bizə qarşı belə mübarizə aparmaqları onlara əlavə stimul olacaq. Bu görüşdən sonra gələcəklə bağlı planları da çoxalacaq. Tarixi qoruyub-saxlamaq lazımdır.
Azarkeşlər komandanın daimi olaraq Ağdamda məskunlaşmasını istəyir. Legionerlər şəhərdən kənarda qalmaq istəməyə bilərlər. Bu haqda nə deyə bilərsiniz?
- Hazırda oyunlarımızı Bakıda keçiririk. "Qarabağ" Azərbaycanı təmsil edir və struktur, stadion tam hazır olandan sonra bu barədə geniş fikir bildirə bilərik. Klub olaraq həmişə istəmişik ki, xalqımız, vətənimiz üçün düzgün yol seçək, yaxşı nəticələr əldə edək. Hər şey hazır olanda inanıram ki, doğru qərar veriləcək və oyunçular, matçlarla bağlı problem olmayacaq.
"Qarabağ"ın bundan sonrakı motivasiyası nədir?
- Bu ad bizi məsuliyyətli edib. Heç vaxt bu adı unutmayacağıq və məsuliyyətsiz yanaşmayacağıq. Bu, o demək deyil ki, torpaqlarımız geri qayıtdı və bizə motivasiya vermək çətin olacaq. Şəhidlərimizi, qazilərimizi heç vaxt unutmayacağıq. Torpaqlarımız bizimlə olsa da, onlar yoxdur. Bizim üçün canlarından keçiblər. Bu klubda olmaq bizə böyük motivasiya verir. Motivasiyasız meydana çıxmayacağıq.
Qolun ötürməsini Rahil etdi, qolu Nəriman vurdu. Qolda azərbaycanlılarının əməyinin olması sizdə xüsusi hiss yaratdı?
- Futbolçularım yaxşı oynadıqda, qələbə qazandıqda qürurlanıram. Futbol kollektiv oyunudur. Burada istənilən oyunçumumz qol vura, ötürmə edə bilər. Dəfələrlə bildirirəm ki, heç bir oyunçu arasında fərq qoymuram. Amma sırf onların qol vurması, ötürmə etməsi onları daha motivasiyalı edir, həvəsləndirir. Hər bir halda, buna sevinirəm.
Stadion qısa müddətdə hazırlanıb. Sizcə, şərait istənilən səviyyədədir?
- Stadion olaraq hər şey müasir standartlara uyğundur. Meydança süni örtüklüdür. Baxmayaraq ki, Bakıda da belə meydançalarımız var. Meydança daha yaxşı vəziyyətdə olsa, hamı üçün sərfəli olar, baxımlı oyun keçər. MOİK-lə matç elə idi ki, meydançanı düşünmürəm. Bu meydança topla davranış üçün xoş olmasa da, buna göz yumacağıq. Meydançanın ot örtüyünün dəyişməsinin planda olacağına inanıram.
Nəriman qol vursa da, oyundan sonra danışmaq istəmədi və dedi ki, Qurban Qurbanov qadağan qoyub.
- Bu gün qadağa qoymamışdım. Onu bəzən belə müsahibələrdən uzaq saxlayıram. Bu gün hada görsəz, Bakıya qədər müsahibə ala bilərsiniz (gülür).
Elvin