"O videodan sonra "Sumqayıt"a qalib gəlməliydik" - Reziuan Mirzov
"Neftçi"nin futbolçusu Reziuan Mirzov Rusiyanın "Zenit" komandasına qarşı Bakıda keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi əvvəllər də bu rəqibə qarşı oynadığını bildirib:
"Uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm. Mən oynadığım zaman "Zenit"də məşhur futbolçular çox idi və komanda rəqiblərindən bir neçə dəfə üstün idi. İndi isə o vaxtkı dominantlıq yoxdur. Tula "Arsenal"ında olanda "Zenit"ə 4:2 hesabı ilə qalib gəlmişdik və qollardan birini mən vurmuşdum. Həmin vaxt Tula təmsilçisi UEFA Avropa Liqasında "Neftçi"yə rəqib olmuşdu. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da bu komandaya qol vurum".
Rusiyalı oyunçu Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə də təbrik edib: "Daha əvvəl jurnalistlər qarşısına çıxmadığım üçün təbrik bu vaxta təsadüf etdi".
Mirzov hazırda "ağ-qaralar"ın cari mövsüm Azərbaycan Premyer Liqasında elə də yaxşı təsir bağışlamadığını vurğulayıb: "Çətin dövr yaşayırıq. Azarkeşləri də başa düşürük. Sonuncu oyunumuz da yaxşı alınmadı. Vəziyyəti dəyişməyə çalışacağıq. Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. Ondan sonra motivasiya götürüb "Sumqayıt"a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı".
30 yaşlı yarımmüdafiəçi belə videoların çox maraqlı olduğunu bildirib: "Rusiyada və dünyada bundan istifadə edilər. Lakin mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam".
Qeyd edək ki, noyabrın 18-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da start götürəcək.