Hüseyn Allahyarovla Fidan Əlizadə Avropa çempionu tituluna yiyələndi
Polşada 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, Pila şəhərindəki yarışın ilk günündə 9 idmançımız mübarizə aparıb, 4-ü medal qazanıb.
Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) tatamiyə çıxıblar. Fidan həlledici görüşdə Nino Loladzeyə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Aydan Vəliyeva finalda Ayumi Leyva Sançesə (İspaniya) uduzub.
Kişilər arasında Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov, Əbil Yusubov (hər ikisi 73 kq) güclərini sınayıblar. Hüseyn qızıl medalın sahibi olub. Allahyarov finalda yerli cüdoçu Yakub Kurovskiyə qalib gəlib. Rüfət Şövlətov (73 kq) bürünc uğrunda Dimitar Qospadinovu (Bolqarıstan) üstələyib.
Noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.