“Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFS-i keçməkdir"
“İlk matçdakı qələbə hələ heç nə demək deyil. Bir səhv hər şeyi məhv edə bilər. Kifayət qədər diqqətli oynamalıyıq”.
mediasport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFS komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis rəqibin zəif olmadığını bildirib: “RFS güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qruplarda çıxış ediblər. Fikrimcə, Latviyanın ən güclü komandasıdır. Klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün uzun yol qət etdik. Bizi çətin oyun gözləyir”.
O, III raunddakı potensial rəqib olan Serbiya “Partizan”ı barədə düşünmədiklərini söyləyib: “Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFS-i keçməkdir. Sonrakı məqsədlər haqqında düşünmürük. “Partizan”ı ümumiyyətlə fikirləşmirik. Bunu rəhbərliklə də müzakirə etməmişik. Sadəcə, rəqibin güclü tərəflərini zərərsizləşdirib öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır”.
Musayev RFS-in ən təhlükəli tərəfinin standart vəziyyətlər olduğunu vurğulayıb: “İlk matçda bütün təhlükəli epizodları standart vəziyyətlərdən yaratdılar. Necə oynayacaqlarını bilmirəm. Açıq futbol göstərəcəklərsə, buyursunlar, mən bu cür oyunu sevirəm”.
Baş məşqçi Coy Lens Mikelslə Emmanuel Apehin durumuna da toxunub: “Mikelsin kiçik zədəsi var idi. Amma bərpa prosesi üçün 1 həftə vaxtı oldu. Apehlə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, bu gün Masazırda keçiriləcək oyun saat 20:00-da start götürəcək. İlk dueldə sevinən tərəf “Sabah” olub - 2:0.