İngiltərədə 2-ci Liqa klubunun baş məşqçisi "Qarabağ" və "Neftçi" ilə qazandığı uğurlardan danışıb
2012-2018-ci illərdə Azərbaycanda işləmiş Ruben Selles "Neftçi" və "Qarabağ"da çalışdığı dönəmləri xatırlayıb.
Mediasport.az xəbər verir ki, İngiltərənin səviyyəcə 2-ci Liqası sayılan Çempionşipdə "Ridinq"in baş məşqçisi İspaniya mətbuatına müsahibə verib.
Mütəxəssis Azərbaycanda əldə etdiyi uğurlara toxunub. 40 yaşlı məşqçi “Plaza Deportiva”ya müsahibəsində əvvəlcə "Neftçi" ilə bağlı sualı cavablandırıb:
“Neftçi” Azərbaycanın ən önəmli klubu idi. 2012-ci ildə orada fiziki hazırlıq üzrə məşqçi işləməyə başladım. Həmin il Premyer Liqada çempionluq və ölkə kubokunu qazandıq. Növbəti mövsüm yenidən kuboku əldə etdik. Bu, çox çətin oldu. Amma çox gözəl alındı. Çünki mənim ilk kuboklarım idi".
Selles daha sonra "Qarabağ" karyerasından söz açıb:
“Qarabağ”da 2 il yarım işlədim. Köməkçi məşqçi idim, həm də komandanın fiziki hazırlığına cavabdehlik daşıyırdım. Ardıcıl iki mövsümdə “qızıl dubl” etdik. 2017-ci ildə Çempionlar Liqasında qruplara qaldıq və “Çelsi”, “Roma” və “Atletiko” (Madrid) ilə rəqib olduq".
Qeyd edək ki, pireneyli 2012/2015-ci illərdə "ağ-qaralar"da, 2015/2018-ci illərdə isə "köhlən atlar"da işləyib.