"Qəbul edirəm ki, vəziyyət o qədər də ürəkaçan deyil" - MÜSAHİBƏ

"Qəbul edirəm ki, vəziyyət o qədər də ürəkaçan deyil" - MÜSAHİBƏ

Azərbaycan milli komandası və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 13-cü turunun "Səbail"lə ev görüşündən (3:1) sonra Mediasport.az saytına müsahibə verib.


Oyun haqqında nə deyə bilərsən?

- Bizi çətin oyunun gözlədiyini bilirdik. Gözlədiyimiz kimi, elə də keçdi. “Səbail” kifayət qədər yaxşı rəqibdir. Yığdıqları xallarla da bunu sübut edirlər. Sevinirəm ki, 3 xal qazana bildik.

"Səbail" xüsusən ilk hissədə sanki sizə müqavimət göstərə bilmədi.

- Deməzdim. Onların da birinci hissədə kifayət qədər təhlükəli hücumları oldu. Buna baxmayaraq, qol buraxmadan ilk yarıda iki qol vurduq. Davamını ikinci hissədə gətirdik və qalib gəldik.

“Bayer”lə ağır oyundan sonra əsas heyət meydana çıxmışdı. Adətən baş məşqçi sizə istirahət verirdi. “Səbail”lə oyunda xal itkisi yaşanmasın deyə, əsas heyət meydana çıxmışdı?

- Açığı, dəqiq cavabını mən deyə bilmərəm. Baş məşqçi kimi uyğun görürsə, meydana buraxır. Oyuna kim çıxırsa, maksimumunu göstərib komanda üçün əlindən gələni etməyə çalışır. “Səbail”lə görüşdə də bizi meydana buraxdı, biz də çalışdıq ki, qalib gələk.

3 gün əvvəl “Bayer”lə matçda bu stadionda 30 min azarkeş vardı, “Səbail”lə oyunda isə tribunalar bom-boş...

- Əlbəttə ki, bizə də təsir edir. “Bayer”lə oyuna gələndə gördük ki, artıq stadionun yarısı dolub. Bu, futbolçular üçün əlavə motivasiyadır. Futbolçu zövq alır dolu tribuna qarşısında oynamaqdan. Açığı, bilmirəm nə deyim. Təəssüf olsun ki, çempionat matçlarına, xüsusilə Tofiq Bəhramov stadionunda olan oyunlara çox az azarkeş gəlir. Deyəcəyim bir şey yoxdur. Könül istərdi ki, daha çox azarkeş olsun və onların qarşısında oynayaq.

13 tur keçib, “Qarabağ” hələ də lider deyil. Bu, çempionatda rəqabətin artmasını göstərir, yoxsa komanda avrokuboklardadır deyə, Premyer Liqaya hələ tam köklənməyib?

- Çempionatda bir komanda digərinə qalib gələ bilir, xal ala bilir. Biz “Araz-Naxçıvan”a məğlub olduq. Bu komanda isə “Kəpəz”ə uduzdu. Çempionatda komandaların səviyyəsi artıb, hər kəs digərindən xal alıb, futbol oynaya, rəqibinə təhlükə yarada bilir.

Avropa Liqasında şanslarınızı necə dəyərləndirirsən? Qarşıda sizin kimi altı xala malik “Molde” ilə səfərdə oynayacaqsız.

- Əlbəttə, rəqibin də 6 xalının olmasından xəbərimiz var. Hər şey öz əlimizdədir. Qarşıdakı iki oyunda maksimum nəticə qazanaraq qrupdan çıxmağı hədəfləyirik.

“Molde” ilə görüşdə sizə heç-heçə də bəs edə bilər. Bu məqam komandanın ziyanına işləməz?

- Daha çox qələbəyə oynasaq, bizim üçün yaxşı olar. Çünki keçmişdə də bəzi oyunlar var idi ki, bizə heç-heçə də sərf edirdi, amma məğlub olduq. Ona görə qarşıdakı iki oyunda da qələbə qazanmağı maksimum hədəf götürəcəyik.

Milli komandamız Avropa çempionatının seçmə mərhələsində son iki oyununu İsveç və Belçikaya qarşı keçirəcək. Bu görüşlərdə yığmamızdan nə gözləmək olar?

- Çətin rəqiblərdir. Bunu hamı qəbul edir. Əlimizi-qolumuzu sallamağa getmirik ora. Bu oyunlarda maksimum xallar qazanmağa çalışacağıq.

“Qarabağ” avrokuboklarda uğurlu çıxış edir, heç vaxt olmadığı qədər legioner həyatı yaşayan futbolçumuz var. Amma bunlar milliyə təsir etmir. Səncə, problem nədədir? 

- Bunu cavablamaq mənim üçün çətindir. Çünki mən futbol funksioneri deyiləm. Mənim işim futbol oynamaqdır. Bu haqda da düşünmürəm. Bir tərəfdən də fikirləşirəm ki, daha çox və daha səviyyəli çempionatlarda oynayan oyunçularımızın sayı nə qədər çox olsa, bəlkə daha fərqli nəticələr qazana bilərik. Amma qəbul edirəm ki, vəziyyət o qədər də ürəkaçan deyil və milli olaraq vəziyyəti daha da yaxşılaşdırmalıyıq.

Səni nə vaxt xaricdə görəcəyik?

- Bunu demək çətindir. Təklif olmalıdır ki, gedə bilim. Olmayandan sonra nəsə danışmağım doğru deyil. Amma əlbəttə, özümü legioner həyatı yaşamağa hazır hesab edirəm. Problem görmürəm. Dil baxımından, orada qalmaq baxımından çətinliyim yoxdur. Sadəcə, təkliflərdən asılıdır.

Təklif, ümumiyyətlə, yoxdur, yoxsa daha yaxşısını gözləyirsən?

- Sırf legioner olum deyə də getməyi düzgün hesab etmirəm. Daha keyfiyyətli, güclü çempionatda mübarizə aparan komandalardan təklif olarsa, o zaman getmək daha məqsədəuyğundur.

Bilirik ki, tez-tez 2-ci Liqada atanın baş məşqçisi olduğu “Kür-Araz”ın oyunlarına gedib baxırsan, komandaya kömək edirsən. Maraqlıdır, atanla komanda haqda nələr danışırsız?

- Dəvət edirlər, maksimum şəkildə bu komandanın oyunları izləməyə çalışıram. Bu liqanı yaratmaq yaxşı fikir idi. Matçlar da kifayət qədər maraqlı keçir. O oyunlara baxdığım zaman zövq alıram. İlk turlarda baxırdım. Sonradan bütün komandalarda inkişaf hiss olunur. Həm taktiki, həm texniki baxımından. Bu liqanı dəstəkləyirəm. Açığı, bu liqanı izləmək mənim üçün çox xoşdur. 

Komandanın perspektivini necə görürsən?

- Maddi şərtlər də önəmlidir. Maddi şərtlərin o qədər də yaxşı olmadığını bilirəm. Buna baxmayaraq, komanda yaxşı irəliləyir. Bir oyunda isə texniki məğlubiyyət oldu. Ümumən, komanda heç də pis təsir bağışlamır. Getdikcə artırırlar.

ELVİN