"Qarabağ"a 2 qol vuran futbolçu milliyə çağırıldığını Bakıda öyrənib
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Bayer"in futbolçusu Alexandro Qrimaldo ilk dəfə İspaniyanın əsas milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində noyabrın 16-da Kipr, 3 gün sonra isə Gürcüstanla matçlarda debüt edə bilər.
Qrimaldo İspaniya Futbol Federasiyasının dəvəti ilə bağlı düşüncələrini bölüşüb. Gənc futbolçu sevindirici xəbəri "Qarabağ"la görüşdən qayıdarkən Bakıda hava limanında öyrəndiiyni deyib:
"Bizim reysimiz bir az gecikirdi. Uçuş qabağı mənə çoxlu zənglər gəldi. Amma həmin vaxt mənim ailəm və dostlarımla danışmağa vaxtım olmadı. Evə dönərkən telefonum mesajla dolu idi. Milliyə çağırıldığım üçün çox xoşbəxtəm. Bu şərəfə Xabi Alonsonun sayəsində nail oldum, mənə çox kömək etdi".
Qeyd edək ki, Qrimaldo "Bayer"lə "Qarabağ" arasında Almaniyada keçirilən matçda (5:1) dubl edib.