"İstəyirəm ki, oyun hakimlərin səhvləri ilə yadda qalmasın"
"Rəqibin çempionatda keçirdiyi oyunu izləmişik. Ümid edirəm ki, Sumqayıtdakı kimi maraqlı qarşılaşma olacaq. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvləri ilə yadda qalmasın".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la səfərdə keçiriləcək cavab oyunundan əvvəl təşkil olunun mətbuat konfransında iştirak edib:
"Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik".
O, futbolçularına inandığını qeyd edib:
"Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacam. Sumqayıt sakinləri arasında mərhələ keçməyimizə inananlar da az deyil. Bu sözlər məni əlavə motivasiya edir. Bizə bu qədər şans verirlərsə, deməli, inanırlar. Bunu futbolçulara da çatdıracam. Deməli, gücümüzə inanırlar, dəstəklərini əsirgəmirlər. Şanslar bərabərdir, bizə inananlar da sağ olsunlar".
Qeyd edək ki, "Sumqayıt" ötən həftə öz meydanında rəqibə 1:2 hesabı ilə məğlub olub.