"Sabah"ın tarixinə düşən forvard "Partizan"a azarkeşlik edəcək
İki dönəm "Sabah"da forma geyinmiş Ukrayna yığmasının keçmiş hücumçusu Marko Deviç təmsilçimizin sabah Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Partizan"a qarşı keçirəcəyi matç haqqında maraqlı açıqlama verib.
mediasport.az xəbər verir ki, Ukrayna mətbuatına danışan Deviç sabah Belqradda oynanılacaq qarşılaşmada serblərə azarkeşlik edəcəyini deyib.
2018-ci ildə "Sabah”ın Azərbaycan Premyer Liqasındakı ilk qolunun müəllifi olan 40 yaşlı serbiyalı futbolun gözəlliyinə üstünlük vermədiyini deyib: “Mənim üçün nəticə önəmlidir. “Partizan” cavab görüşündə rəqibini məğlub etmək istəyirsə, birbaşa nəticəyə köklənməli, ağıllı və müdrik davranmalı, hücum futbolu oynamalıdır. Bundan sonra xoşbəxt olmaq üçün əla şansları var”.
Qeyd edək ki, Deviç 2018/2019-cu illər mövsümündə, həmçinin 2020-ci ildə Masazır klubunda ümumilikdə 24 oyuna 9 qol vurub. Belqradda anadan olmuş futbolçu 2008/2014-cü illərdə Ukrayna millisində çıxış edib.