Kaşşuku Azərbaycana "Qarabağ" yox, bu klub qaytarmaq istəyir
2022/2023-cü illər mövsümünü icarə əsasında "Sabah"da keçirmiş Aleksey Kaşşuk "Qarabağ"dan təklif almayıb.
Ukraynanın "Şaxtyor" klubunun yarımmüdafiəçisi bu haqda "TaToTake" portalına açıqlamasında məlumat verib.
24 yaşlı pleymeyker yazılanların həqiqət olmadığını vurğulayıb:
"Hamı bu xəbəri yazır, paylaşır. Amma internetdə yazılanların hamısına inanmaq lazım deyil. Hazırda Kiyevdə fərdi proqram üzrə mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm".
Mediasport.az ukraynalı ilə bağlı maraqlı məlumat əldə edib.
Demə, "Qarabağ" Kaşşukla, ümumiyyətlə, maraqlanmayıb. Onu Azərbaycana qaytarmaq istəyən "Neftçi"dir.
Ukraynalı Roman Qriqorçuku baş məşqçi postuna gətirən "ağ-qaralar" hazırda futbolçu ilə danışıqları davam etdirir.
Transfer dəyəri 2 milyon avroya yaxın olan futbolçunun birbaşa keçidi, ən pis halda icarəsi üzrə müzakirələr son mərhələyə çatmaq üzrədir.
Xatırladaq ki, birbaşa keçid ehtimalı daha real görünür, çünki onun Donetsk klubu ilə anlaşması bu gün başa çatır.