Maksim Medvedev etiraf etdi: "Hər mövqedə boşluqlara yol verdik"

 Maksim Medvedev etiraf etdi: "Hər mövqedə boşluqlara yol verdik"

“Ağır oyun oldu, rəqibi çox yaxşı analiz etmişdik. Bilirdik ki, sürətli, texnikalı futbolçuları var. Necə oynamalı olduğumuzu baş məşqçimiz bizə tam izah etmişdi. Biz də çalışdıq ki, meydanda verilən tapşırıqları düzgün yerinə yetirək”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda Norveçin “Molde” klubunu məğlub etdikləri (1:0) görüş haqqında fikirlərini bölüşüb.

Medvedev Norveç çempionu ilə qarşılaşmada bir neçə qol şanslarının qaçırıldığına görə narahatlıq keçirdiyini bildirib: “Qol imkanlarımız çox oldu. Əlbəttə, istərdik hamısından yararlanaq. Təəssüf ki, bəzən istədiklərin tam alınmır. Yaxaladığımız epizodlardan 2-3-nü dəyərləndirsəydik, daha rahat olardıq. Belədə rəqib də erkən təslim olacaqdı. Yenə də şükürlər olsun ki, lazımi qolu vurduq. Sonradan da oyuna nəzarət bizim tərəfimizdə idi. Qalib gəldiyimiz üçün hər kəs sevinir. Bundan sonra daha da irəli getməliyik”.

34 yaşlı futbolçu müdafiədə boşluqlar verdiklərini qeyd edib: “Əslində, müdafiədə mükəmməl deyildik. Bu da olmalıdır. Çünki yerli çempionatın yox, Avroliqanın qrup mərhələsinin matçı idi. Hər mövqedə boşluqlara yol verdik. Əsas odur ki, lazımi nəticəni qazandıq. Təbii ki, səhvlərimizi yenə də analiz edəcəyik. Baş məşqçi çatışmayan cəhətlərimizi göstərəcək. Gələn oyunlarda daha yaxşı çıxış etməliyik”.

Qeyd edək ki, Ağdam təmsilçisi qrupun növbəti oyununu oktyabrın 5-də İsveçdə "Hekken"ə qarşı keçirəcək.