Yesəz də, yeməsəz də... - QEYD
Köhnə və orta nəsil azərbaycanlılar şəkildə yer alan futbolçuları xatırlayır, yəqin. Fotoda kadra düşənlər müstəqil Azərbaycanın ən güclü futbolçularından Tərlan Əhmədov, Vyaçeslav Lıçkin və Kamal Quliyevdir, indi heç biri futbol sahəsində çalışmır...
Ağ formalı sarışın isə slovakiyalı hücumçu Silard Nemetdir. 2001-ci il, martın 28-də çəkilmiş şəkil DÇ-2002-nin seçmə qrup mərhələsinin Slovakiyada - Trnava şəhərində baş tutmuş qarşılaşmasına aiddir. Azərbaycan millisinin 1:3 hesabı ilə uduzduğu görüşdə fotoda "mühasirə"də olan Nemet dubl etmişdi.
Həmin bu Slovakiya milli komandasını cavab matçında - iyunun 6-da Bakıda 2:0 hesabı ilə məğlub edərək Dünya Kubokuna yollanmaq arzusunun üstündən xətt çəkmişdik, Türkiyə yığmasının mundiala yolunu açmışdıq. DÇ-də dünya üçüncüsü olan türkiyəlilərin.
İndisə 2024-cü ildir - yəni, 23 il keçib. Yenə də slovaklara uduzuruq. Əslində, qeyri-adi heç nə yoxdur.
Bizim dəyişməyən, dəyişdirə bilmədiyimiz "ənənə"miz var - dəyişən zaman, artan imkanlar fonunda.
Bəla ondadı ki, əvvəllər bizimkilər, heç olmasa, futbol oynamağa çalışır, alındıra bilməyəndə əzmkarlıq, xarakter, mübarizlik göstərməyə cəhd edirdilər.
Misal: istəsəz, 1994-cü ildə Oserdə Fransa millisinə 0:10 hesabı ilə məğlub olduğumuz oyunun icmalına baxın, 10 top (!) buraxdığımız görüşdə belə, komandamız futbol oynayıb, oynamağa çalışıb, mübarizə aparıb.
İndi - ən yeni nəsil texnologiyaların sürətli inkişafı fonunda sağlam təməl atmış tay-tuşlarımız (yəni, futbolu bizimlə aşağı-yuxarı eyni olan ölkələr-red.) artıq 2-3 gedişə, bəzən qapıdan-qapıya qol vurur, biz hələ də 30 il geridəyik.
Necə? Hücuma çıxırıq, mərkəzi keçirik, az qala rəqib qapısına çathaçatda geri dönüb pas verməyə oyunçu axtarırıq, bir də baxırıq ki, top bizim qapıçıdadır...Vəssalam.
21-ci əsrdə - 2024-cü ildə Azərbaycan milli komandasının oynadığı futbol budur.
Yəni, bunun müqabilində ağzımızın içinə çullu dovşan yerləşmir, Fernadu Santuşu qabağımıza qatmağa hazırıq, çalışırıq...
Sanki onadək işləyən məşqçilərin barmaqlarından bal-qaymaq süzülürdü, indi portuqaliyalı Avropa çempionunu bəyənmirik...
32 ilə normal yox, normala yaxın bir sistem qura bilməməyimizə etiraz edə bilmirik, Santuşa ağız əyirik...
Son 10 ildə iki yox, 1 - a kişi, bircə futbolçu yetişdirməmişik, Santuşa ağız büzürük...
Nətər adamlarsız, ə...
Fernandu Santuşun təyinatını sərt tənqid edən 3 jurnalistdən biri kimi deyirəm, ayıbdı!
Məsələn, mən Amin Seydiyevi, Ceyhun Nuriyevi, Elvin Camalovu, Rahil Məmmədovu, Qismət Alıyevi və.s. saymağa davam eləsəm, aşağı-yuxarı hamısının adını çəkə bilərəm - milli komandaya çağırmaram. Əsla! Hərçənd hamısı da qabiliyyətli, mədəni, tərbiyəli oğlanlar, azərbaycanlılardı.
Dostum, Azərbaycan milli komandasına hazırda dəvət alan futbolçuların 95 faizi yararsızdı, ya-rar-sız! Lakin formanı geyindirəcək başqa futbolçumuz yoxdu.
Yəni, yesəz də, yeməsəz də, olanımız budur!
2006-cı ildən idman mətbuatında olan jurnalist, Azərbaycan futbolunun inkişafını səndən çox istəyən azərbaycanlı, AFFA-nın qeyri-sağlam idarəçiliyini azı geridə qalan 18 ildə (rəhbərliyin kimliyindən asılı olmayaraq) tənqid edən, bir səfərə, rüşvətə, dosta-tanışa görə mövqe dəyişib ingilis bayrağı olmayan dürüst, Rövşən Nəcəfin federasiya prezidentliyi postuna gəlişinə son ümidlə baxmağa başlayan və özünü inandırmağa çalışan vicdanlı adam kimi, əminliklə deyirəm ki, Santuş günahkar deyil.
Günahkar bizik - sən, mən, o və.s azərbaycanlı.
Santuşa verdiyimiz futbolçuların adlarını yenə sayım? Adam 2-3 aydı burdadı, 2 oyuna 32 illik "xərçəngi" sağlatmağını gözləyirsiz?
Bu oyunçuların 95 faizində nəinki futbolçu görkəmi var, heç azərbaycançılıq, vətən, millət sevgisi də yoxdur.
Bu qədər illər ərzində Azərbaycanın, ölkəsinin, ata-ana yurdunun dövlət himnini öyrənməyənlərdən əzmkarlıq, xarakter, vuruşmaq, oyun gözləyirsiz? Mən gözləmirəm!
Şəxsən dünən Koşitse Futbol Arenasında canlı orkestr və məşhur bəstəkar Kern Danger Manafzadənin ifasında Azərbaycan himni oxunarkən futbolçularımıza baxıb utanırdım! Bir-ikisi eləcə zümzümə edirdi...
Bizim problemimiz təkcə futbol deyil, dostlar. Dərdimiz artıq milli-mənəvi dəyərlərə, qana hopmuş xəstəlik kimidir, profilaktik, təcili-tibbi yardım müalicələri heç nəyi dəyişə bilməz...
Xüsusən Azərbaycan futbolunu ağlar-mələr qoyan Rövnəq Abdullayevlə Elxan Məmmədovun fəaliyyəti dövründə dilini udmuşların indi şəxsi məqsədləri naminə Rövşən Nəcəf və ətrafına "hücum"a keçməsi kənardan iyrənc görünür...
Elvin ƏHƏD, Bakı-Koşitse-Bakı