"Hədəfimiz minimal hesablı qələbə qazanmaq yox, mərhələ keçməkdir"
“İlk oyundakı hesab indi qarşımızda çətin tapşırğın dayandığını göstərir. Buraya ötən həftəsonu çempionatda daha bir gərgin oyun keçirdiyimizi nəzərə alsaq...".
Mediasport.az xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje deyib.
Portuqaliya klubunun çalışdırıcısı sabah UEFA Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində üz-üzə gələcəkləri "Qarabağ"la oyundan öncə keçirilən mətbuat kofnransında iştirak edib.
Mütəxəssis geridə qalan müddətdə "Qarabağ"ın oyun keçirmədiyinə işarə edib:
"Bilirik ki, çətindir, ancaq vəziyyəti xeyrimizə dəyişmək üçün oynayacağıq. Məncə, bu, mümkünsüz deyil. Mərhələni keçməklə uğurun davamını gətirə bilərik. Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. "Braqa"nın hər bir futbolçusu yalnız qələbə üçün mübarizə aparmalıdır".
Jorje hədəflərinin yalnız qələbə yox, mərhələ keçmək olduğunu bildirib:
"Yaxşı futbolçularımız var, istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhəm yoxdur. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimal hesablı qələbə yox, mərhələ adlamaqdır".
Qeyd edək ki, ilk qarşılaşmada 4:2 hesablı qələbə qazanan Azərbaycan çempionunun pireneylilərlə cavab dueli sabah saat 21:45-də start götürəcək.