"Milli komandamız Estoniyaya mütləq şəkildə qalib gəlməlidir"

"Milli komandamız Estoniyaya mütləq şəkildə qalib gəlməlidir"

“Kəpəz”in oyunlarını izləyirəm. Həqiqətən onların hazırkı durumu mənim üçün üzücüdür. Çünki orada çıxış etmişəm. "Kəpəz"in yaxşı rəhbərliyi var, onları tanıyıram”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında “Araz-Naxçıvan”da köməkçi məşqçi işləyən Əfran İsmayılov deyib.

Son olaraq “Kəpəz”də çıxış etmiş veteran futbolçu Gəncə klubu haqqında fikirlərini bölüşüb: "İşləmək üçün Gəncənin çətin bir yer olduğunu bilirsiz. Azər müəllim kimi yaxşı baş məşqçiyə sahibdirlər. Keyfiyyətli və xarakterli insandır. Onu yaxından tanıyıram, futbolu bilən insandır. İnanın, Azər müəllim olmasın, başqa çalışdırıcı olsun: yenə də Gəncədə işləmək çox çətindir. Həm də "Kəpəz"in büdcəsi olduqca aşağıdır. Yayda çoxlu transfer edə bilmədilər. Buna görə də çətinliklərlə üzləşirlər. Həmin çətinliklər də çempionatın oyunlarına təsir edir. İnşallah, tezliklə öz oyunlarını tapacaqlar və qələbələr qazanmaqla xallar yığacaqlar. Gəncə futbolunun adı çox böyükdür, amma yenə deyirəm: Gəncədə işləmək asan deyil. Özüm də orada oynadım və bunu gördüm. Çoxlu müdaxilələr olur. Bəli, futbolu bilirlər, sevirlər, amma orada qarışıqlıq var”.

Gənc mütəxəssis bu mövsüm Premyer Liqada debüt edən “Araz Naxçıvan”da işləri barədə bunları qeyd edib: “Köməkçi məşqçiyəm, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, komanda üçün xeyirli və faydalı olsun. Birinci dövrədəki çıxışımızı qənaətbəxş hesab edirəm. Bilirsiz ki, komanda olaraq çox gec yığılmışıq və təlim-məşq toplanışı da keçə bilməmişdik. Yeni yaranmış komandadır, son anda transfer edə bilmişdik. Şükürlər olsun, bütün bu problemlərə baxmayaraq, toparlana bilmişik. Premyer Liqadakı ilk ilimizə başlanğıcı çox yaxşı hesab edirəm”.

Əfran İsmayılov Naxçıvan təmsilçisinin birinci dövrədəki çıxışlarını yüksək qiymətləndirib, "Neftçi" və "Sabah"ın vəziyyətinə məyus olduğunu vurğulayıb: “Doğrudan da "Araz Naxçıvan"ın çıxışı məni təəccübləndirdi. Yeni yaranmağımıza baxmayaraq, birinci dövrədən sonra 4-cü pillədə qərarlaşacağımızı gözləmirdik. Şükürlər olsun ki, qısa zamanda problemləri aradan qaldırdıq. Çıxışımızla həm özümüzü, həm də azarkeşləri təəccübləndirdik. Çalışırıq ki, bunun davamını gətirək. Lakin "Neftçi"nin hazırkı durumu məni üzdü. "Neftçi" və "Sabah"dan birinci dövrədə bu cür çıxış gözləmirdim. Çünki hər ikisi böyük klublardır. Hələ çempionat davam edir. Qarşıda böyük marafon var. Çempionatın sonu ilə bağlı indidən tam fikir bildirmək olmaz”.

Uzun illər yığmada forma geyinmiş veteran AVRO-2024-ün seçmə mərhələ oyunla ilə bağlı gözləntilərini açıqlayıb: “Bu gün milli komandamız Estoniyaya mütləq şəkildə qalib gəlməlidir. Çünki yetəri qədər xal itirmişik və uğursuz nəticələrimiz olub. Mütləq xal qazanmalıyıq. Ümid edirəm ki, xal qazanacaqlar. Estoniya ilə səfər oyunundan sonra evdə Avstriyanı da udmaq olar. Lakin onlarla heç-heçə də yaxşı nəticə sayıla bilər”.


Rövşən