Millimizin braziliyalı baş məşqçisi nədən narazıdır?
Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakı İdman Sarayında Polşa ilə qarşılaşacaq futzal üzrə millimizin baş məşqçisi Joze Alesio da Silva qarşıdakı görüşlərə hazırlıq barədə danışıb.
MediaSport.az xəbər verir ki, braziliyalı mütəxəssis heyətin qıtlığından narahat olduğunu bildirib, iki gündür toplaşsalar da, tam komanda ilə hazırlıq keçə bilmədiklərindən gileylənib.
- Təəssüf ki, Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah komandaya qoşulacaqlar.
İki oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur.