"Neftçi" Almaniya millisinin sabiq futbolçusunu transfer etdi

"Neftçi" Almaniya millisinin sabiq futbolçusunu transfer etdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir legionerlə gücləndirib.

Mediasport.az saytına verilən məlumata görə, Türkiyədə təlim-məşq toplanışında olan "ağ-qaralar" Robert Baueri transfer ediblər.

Baş məşqçi Roman Qriqorçukun sınaqdan keçirdiyi təcrübəli almaniyalı ilə müqavilə bağlanıb.

Anlaşmanın detalları yaxın saatlarda açıqlanacaq.

Mərkəz müdafiəçisi olan "Karlsrue"nin 29 yaşlı yetirməsi son mövsümü Səudiyyə Ərəbistanının "Əl-Tay" klubunda keçirib.

Stopper karyerası ərzində vətənində "İnqolştadt", "Verder", "Nürnberq"dən sonra "Arsenal" (Rusiya) və "Sent-Trüyden" komandalarının da formasını geyinib.

O, əsasən "Verder"də parlayıb, "Bremen musiqiçiləri"nin heyətində əsas Bundesliqada 90-a yaxın görüşdə meydanda olub.

Bauer 2015-2016-cı illərdə Almaniyanın U-20 və Olimpiya yığmalarında oynayıb.

Xatırladaq ki, paytaxt klubu rəsmi hesabları vasitəsilə almaniyalı futbolçu transfer etdiyinin anonsunu verib.