Gün üzünə həsrət norveçlilər "Qarabağ"dan xal almağı haqq edirdilər - Moldedən qısa təəssürat
İnsan amili varsa, qalan hər şey ikinci dərəcəlidir. Əslində, belə də olmalıdır.
Ölkə öz insanına necə dəyər verirsə, düşünən canlının planetdə nə qədər müqəddəs olduğunu anlayır və əlçatmaz işləri görə biləcəyini bacaracaq ikinci bir yaradılmışın olmadığını anlayırsa, adam belə xoşbəxtliyə 4 gözlə tamaşa etməli, həsəd aparmalıdır.
Təsəvvür edirsiz, təqaüdçülər hökumətə etiraz edirlər ki, pensiya və müavinətləri azaltsınlar...
Mənə dünyada belə ölkə göstərə bilərsiz ki, hökumət əmək haqqlarını-pensiyaları-təqaüdləri qaldırır - lakin əhali etiraz edir ki, çoxdur, bu qədərə ehtiyac yoxdur?!
Norveçin uzaq şimal sahillərində doğulmuş hansısa Svanberqlə bizim Əhməd dayının bioloji baxımdan heç bir fərqi olmasa da, bütün dünya bu skandinav ölkəsinə, "vikinqlər" adlandırılsalar belə, planetin ən xoşbəxt millətinə həsəd aparır.
Cəmi 26 min əhalisi olan Molde şəhəri bizə "insan normalda necə yaşamalıdır" sualının cavabını bütün çılpaqlığı ilə, əyani şəkildə göstərmiş oldu. Real dərslikdir.
Yəni, insan bu qədər xoşbəxt ola bilər? Qayğısızlıq, problemsizlik səbəbindən adam da intihar edər? Bəli, bu, nağıl deyil.
Nə qədər paradoksal səslənsə də, bu, canına qəsd sayına görə dünyada ön sıralarda gedən soyuq Norveç insanının yaşam tərzində öyrənib dəqiqləşdirdiyim real faktdır.
Ehh, dünya əhalisinin yarıdan çoxu aclıq-səfalət içində qırılarkən "vikinqlər" niyə bu dərəcə ifrat xoşbəxt olsunlar axı?! Məsələn, bizim də belə yaşamaq haqqımız yoxdurmu? Yəqin ki, var. Amma...
İçində 12 saata yaxın uçuş olmaqla, Norveçdə təxmini 2 sutkaya müşahidə elədiyimiz faktlar, əminəm ki, Moldeyə səfər edən bütün jurnalistlər kimi, mənim də bir ömür boyu yadımdan çıxmayacaq.
Yox e, nətər yəni, siqareti çəkib kötüyünü niyə yerə atmayasan ki...
Axı nə üçün partapart maşın siqnalı verilməsin, nöşün də...Bu, nə yaşamaqdır e belə.
Dəlidirlər-gicdirlər, nədirlər bunlar - gün ərzində cəmi 5-6 saat işləyib qalan vaxtı dincəlmək, istirahət etmək olar...
80 yaşında təqaüdçü yüzüncü yuxuda olası saatda niyə stadiona gəlib "Molde" - "Qarabağ" oyununa canlı-canlı baxmalıdır e, niyə də...
Vallah, bu norveçlilər gün görmürlər, səmimiyyətlə and içirəm, gün görmürlər.
Təbiətin israfçılığın qarşısını almağa hesabladığı reallıq deyək - bu ölkədə gün çıxmır. Eləcə səhər açılır və bir neçə saat sonra da qaralır, vəssalam.
Ancaq...ancaq bu adamların günə ehtiyacları yoxdur axı. Həyatları elə gün kimi aydın, işıqlı, rahat, qayğısız və problemsizdir.
Ehh, arzular, arzular...
Azərbaycan çempionundan azı bir xalmaq almaq bu inanılmaz ölkəni təmsil edən "Molde"nin, futbolçularının mənəvi haqqı idi. Halal xoşları! Bu adamlar layiq olduqlarını alırlar. Ta əzəldən.
"Molde"nin baş məşqçisinin səmimi etirafı kimi: "Futbolçularımla fəxr edirəm. çünki biz çox güclü komandaya qarşı oynayırdıq"...
Biz isə...Əzəldən zillət içində yaşamışıq, nəyəsə asan nail olduğumuza dair tarix dərsliklərində belə, adi nümunə yoxdur.
Elə Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ"ın da nəyisə hazır əppək kimi əldə etdiyini görməmişik. Adı üstündədir - "köhlən atlar" - qaçmalı, çapmalı, vuruşmalı...
Sona 9 dəqiqə qalmış 5 dəqiqə içində iki qol buraxıb qalib gəldiyi matçda hesabda geri düşmək və axır saniyələrdə qələbəyə bərabər qol vurub xal qoparmağı, adətən, dünya nəhəngi olan komandaların oyunlarında müşahidə eləməyə öyrəşsək də, Azərbaycan adlı məmləkətin timsalında cüzi istisnanın şahidi oluruq - "Qarabağ" futbol klubu!
Norveç əhli kimi, biz də özümüzə görə tarix yaşaya bilərik. Ən azı futbol həyatımızda. Ağdam təmsilçisinin timsalında. Möcüzələr ölkəsinin sakinləri - norveçlilər real tarixlərini yaşayırlar, əzəldən yazılanı. Bizsə tarixi özümüz yazırıq, yazmağa çalışırıq axı.
Azərbaycan adına qürurverici nəticələrlə adını dünya futbolunda bir yerlərə möhürləyən "Qarabağ" növbəti zəfər üçün 2 həftə gözləməlidir. Və ən yeni tarix də öz-özünə yazılmayacaq, biz axı Norveçdə yaşamırıq...
Bu tarixi yenə kimlərsə - daha dəqiqi, "Qarabağ" yazmalıdır və yazacağına inamımız sonsuzdur.
Elvin ƏHƏD
Bakı-Molde-Bakı