"Neftçi" ilə oyunda qalib gəlmək istəyirik, buna ehtiyacımız var"
mediasport.az “Səbail”in hücumçusu Mirabdulla Abbasovun müsahibəsini təqdim edir...
İlk olaraq, Azərbaycan Kubokunun 1/8 final mərhələsi ilə bağlı fikirlərini bilmək istərdik.
– Kubokun ilk oyunu hər zaman həyəcanlı olur. Çünki 1 qarşılaşmadan ibarərətdir. Rəqibin Premyer Liqa və ya Divizion təmsilçisi olmasının fərqi yoxdur, şanslar bərabərdir. Buna görə də maksimum gücünü meydanda göstərməlisən. MOİK-lə oyun bizim üçün yaxşı keçdi. Komandamız layiqli qələbə qazanaraq mərhələ adladı.
MOİK-lə görüşdə qələbədə pay sahiblərindən oldun, 3 qolun vurulmasında birbaşa iştirakçı idin. Həm də “Səbail”ə qayıtdıqdan sonra ilk qolunu vurdun.
– Qol vurduğuma görə çox şadam. Lakin mənim üçün bundan da sevindirici məqam komandamızın qələbəsində pay sahibi olmağımdır. Ümid edirəm ki, bu qolun ardı gələcək və komandama qələbələr qazandıracağam. Bunun üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Növbəti mərhələdə rəqib “Sabah” olacaq. Masazır təmsilçisinə qarşı keçirəcəyiniz iki oyun haqda nə deyə bilərsən?
- 1/4 finalda bizi daha çətin rəqib gözləyir. “Sabah” bu mövsüm uğurlu çıxışı ilə seçilən komandadır. Amma bu bizi qətiyyən qorxutmur. Əksinə, belə bir rəqiblə qarşılaşmağımızın komanda üçün daha yaxşı olduğunu düşünürəm. Bu tip komandalara qarşı daha fərqli ab-hava ilə oyuna çıxmalı olursan və daha çox məsuliyyət yükün olur. Səhv etmək kimi şansın yoxdur. Hər birimiz bunun fərqindəyik.
Premyer Liqada da fasilə başa çatdı və “Neftçi” ilə qarşılaşacaqsız...
– MOİK üzərində qələbə komandamıza yaxşı təsir edib. Bu motivasiya ilə “Neftçi” ilə matça hazırlaşırıq. Ağır oyun olacaq. Bir o qədər də maraqlı olacağına şübhəm yoxdur. Hər iki komandada itkilər çoxdur. Ancaq hər iki komanda meydana qələbə üçün çıxacaq. Qələbə qazanmaq istəyirik. Buna ehtiyacımız var. Mən və komanda yoldaşlarım bunun üçün əlimizdən gələndən də artığını etməyə hazırıq.