"Neftçi"nin KL-də potensial rəqibləri "Qarabağ"ın stadionunda oynayacaq
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri - "Jelezniçar" (Bosniya və Herseqovina ) və "Dinamo" (Belarus, Minsk) klubları arasında cavab qarşılaşması Bakıda oynanılacaq.
MediaSport.az xəbər verir ki, I təsnifat mərhələsi çərçivəsində baş tutacaq cavab oyununun "Qarabağ"a məxsus "Azərsun Arena"da keçiriləcəyi dəqiqləşib.
Rusiyanın Ukrayna ilə müharibəsində birincilərə dəstək səbəbindən avrokubok görüşlərini evdə keçirə bilməyən Belarusun təmsilçisi "Dinamo" bosniyalılarla ev matçı üçün əvvəlcə İsrailin "Netanya" şəhərindəki stadionu seçsə də, nəqliyyat və digər xərcləri yüksək olduğu üçün duelin Suraxanıda təşkil olunması ilə bağlı UEFA-ya müraciət edib. Qurumdan müsbət cavab verilib. Matç iyulun 20-nə təyin edilib.
Bildirək ki, cütün qalibinin "Neftçi" ilə oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.