"Neftçi"nin Müşahidə Şurasının yeni üzvləri kimlərdir? - FOTOLAR
Məlum olduğu kimi, dünən "Neftçi"nin Müşahidə Şurasının rəhbər və üzvləri yenilənib. Yeni sədr SOCAR prezidenti Rövşən Nəcəf bu postda Çingiz Abdullayevi əvəzləyib.
Müşahidə Şurasına təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.
Müşahidə Şurasına seçilən adlardan üçü idmana yad sima olduğu üçün kiçik araşdırma apardıq. Azərbaycan dövlətinin təhlükəsizliyinə cavabdeh şəxslərdən, ərazi bütövlüyümüzün təmin olunmasında, qorunmasında xidmət göstərən general-polkovnik Orxan Sultanov haqqında geniş məlumata ehtiyac olmasa da, Elnarə Məmmədova ilə Hafiz Zeynalovun "cv"ləri maraq doğurmaya bilməz.
Hafiz Zeynalov SOCAR prezidenti Rövşən Nəcəfin köməkçisi, Aparat rəhbəri, İşlər idarəsinin rəisidir. Əvvəllər İqtisadiyyat Nazirliyində çalışıb.
Elnarə xanım isə "British Petroleum"da (BP) Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya regionu üzrə insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident vəzifəsində çalışır. 2006-cı ildən bp-də fəaliyyət göstərən Məmmədova İngiltərənin Nottingem Trent Universitetini bakalavr, Azərbaycan Dillər Universitetini magistr dərəcəsində bitirib.
mediasport.az