AFFA rəhbərliyininin danışıq apardığı məşqçi var? - AÇIQLAMA

AFFA rəhbərliyininin danışıq apardığı məşqçi var? - AÇIQLAMA

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev Azərbaycan - Bolqarıstan (1:1) oyunundan sonra keçirilən brifinqdə Mediasport.az saytının da suallarını cavablandırıb.

Milli komandamızın keçirdiyi hər iki matça əsasən, "FİFA series - Edition 2024" turniri haqqında nə deyə bilərsiz?

- İlk dəfə idi ki, belə turnir keçirilirdi. FİFA-nın təşkil etdiyi yeni turnirdir və "FIFA series" adlanır. Hansı ki, həmin qurumun təşəbbüsü ilə müxtəlif qitələrdə keçirilir. Avropa qitəsindən ilk dəfə olaraq məhz Azərbaycan seçildi. Qonaq komandaların arasında müxtəlif qitələrdən komandalar dəvət edilmişdilər (Bolqarıstan, Monqolustan və Tanzaniya milliləri). Əlbəttə, düşünürük ki, belə yoldaşlıq oyunlarının keçirilməsi futbolun da inkişafına gətirib çıxara bilər. Çünki həmişə digər qitələrin komandaları ilə qarşılaşmaq şansımız o qədər də çox olmur. Bu şans bizim əlimizə düşüb. Gələcəkdə də müxtəlif rəqiblərə qarşı oynamaq milli komandamızın inkişafına fayda verəcək.

Komandamızın turnirdə çıxışını qənaətbəxş saymaq olar?

- Birinci oyunda komandamız pis oynamadı və xeyli şansları var idi (Azərbaycan - Monqolustan 1:0). 90 dəqiqə ərzində tək qapıya oyun gedirdi. Sadəcə, qol gəlmirdi. Son saniyələrdə qol vuruldu və komandamız qələbə qazandı. Ümumi oyuna nəzər yetirdikdə isə, əlbəttə, millimiz pis təsir bağışlamadı. Bu gün keçirilən oyunda da demək olar ki, komandamız yaxşı çıxış etdi (Azərbaycan - Bolqarıstan 1:1). Həm birinci, həm də ikinci hissədə müəyyən şanslarımız var idi. Lakin komanda həmin şanslardan yararlana bilmirdi. Qol buraxdıq və hesabı bərabərləşdirdikdən sonra qələbə qazanmaq üçün vaxt qalmadı.

Yarışın maliyyə xərclərini hansı təşkilat qarşıladı?

- Turnirin maliyyə xərclərinin çoxu FİFA tərəfindən qarşılanıb. Çünki bu, FİFA-nın layihəsidir. Demək olar ki, layihənin ümumi xərclərinin 80 faizi sözügedən qurum tərəfindən qarşılanıb.

Xüsusən Monqolustan millisi ilə matçla bağlı iradlar çox idi. Siz necə düşünürsüz, bu komanda ilə oyun bizə nə qazandırdı?

- İstənilən rəqibə qarşı oyun fayda verə bilər. İstər güclə rəqibə, istərsə də zəif rəqibə qarşı. Düşünürəm ki, bu, daha çox texniki sahəyə aid olan sualdır. Lakin şəxsi fikrim budur ki, komanda hər rəqibə qarşı oynamağı bacarmalıdır. Ona görə də belə oyunlar vacibdir.

Bu iki oyunun nəticəsi Arif Əsədovun millidə baş məşqçi kimi təsdiqlənməsində rol oynaya bilər, yoxsa bütün qərarlar aprelin 2-də AFFA-ya keçiriləcək prezident seçkilərindən sonra veriləcək?

- Hazırda bu barədə açıqlama verə bilmərik. Çünki İşçi Qrupunun hər bir üzvü öz fəaliyyət istiqaməti üzrə fikir mübadiləsi aparır. Məsələ sırf onlarla bağlı olduğuna görə baş məşqçi yönündə açıqlama vermək məqsədəuyğun olmaz.

Faktiki danışıq apardığınız mütəxəssislər var?

- Bu dəqiqə konkret ad olaraq danışıqlar aparılmır. Əlbəttə, burada əsas məsələ İşçi Qrupunun daxilində aparılacaq müzakirələrdir. Ondan sonra bir fikir söyləmək olar.

Matçdan sonra paltardəyişmə otağına yollandız.

- Bəli, komandanı AFFA rəhbərliyi adından yaxşı oyun göstərdikləri üçün təbrik etdim. Sona kimi mübarizə apardılar. Ümumi olaraq isə ab-hava yaxşı idi.

Ənənəvi olaraq, yaxşı nəticələr qazanılanda futbolçulara mükafat verilir. Mükafat bu dəfə də olacaq?

- Federasiyada öncədən razılaşdırılmış mükafat sistemi var. Rəsmi və yoldaşlıq oyunlarının özünəməxsus mükafat sistemləri var. Futbolçular bunu da əvvəldən bilirlər. Ona görə də hazırda ciddi danışıq yoxdur.

İddialar var ki, legioner həyatı yaşayan bəzi futbolçular milli komandada tam olaraq istəniləni ortaya qoymurlar, can yandırmırlar və özlərini zədədən qorumağa çalışırlar (məsələn, Renat Dadaşov, Ramil Şeydayev və.s.). Buna sizin münasibətiniz necədir?

- Yığma komandanın formasını geyinən hansısa futbolçunun oyunlarda can yandırmamasını düşünmürəm. Əlbəttə, bu məsələ tamamilə komandanın baş məşqçisinə aid olan məqamdır. Bu sual çalışdırıcıya verilsə, daha yaxşı olar. Şəxsi fikrim budur ki, milli komandanın formasını geyinən və can yandırmayan futbolçunun olduğunu düşünmürəm.

Rövşən ƏLİSOY