"Bakıda qalmağımız futbolçulara ancaq yaxşı tərəfdən təsir göstərdi"
"Futbolçularımı təbrik edirəm. Hələ tam formada olmasalar da, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik. Çünki tam hazır deyillər".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun "Araz-Naxçıvan"la ev oyunu (3:1) haqda danışıb, sonra jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə üçün çox düzgün oyun oynadılar. Çox da istəkli idilər. Qarşımızda çox istəkli, dinamik komanda var idi. Rəqib çox sürətli oyunçulara malikdir. Vacib üç xal qazandıq. Belə havada futbolçularda istər-istəməz özünü idarə etmək, oyunun içində olmaq o qədər də assan deyildi. Hər halda çox lazım olan intizamlı oyun göstərdilər. Soyuq havada bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm".
Aleksey İsayevin performansını necə dəyərləndirirsiz?
- Razı qaldım. Tez bir zamanda kollektivə, oyunumuza uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, komandaya daha fayda verəcək Aleksey görmək istəyirik. Bu potensial onda var. Bunu ondan tələb edəcəyik.
“Qarabağ” artıq “Braqa” ilə oyuna hazırlığa start verib?
- Təkcə “Braqa” yox, mövsümün ikinci mərhələsinə hazırlıqlarımızı davam etdiririk. İstəyirik ki, oyundan-oyuna daha yaxşı səviyyəyə gəlib çıxaq. Bunun içində “Braqa” da var. Qarşıdakı oyunlarda daha təmkinli, daha yaxşı oyun göstərməliyik ki, “Braqa” ilə matçda komanda daha yaxşı səviyyədə olsun. Bu oyuna taktiki baxımından yox, fiziki baxımdan yaxşı səviyyəyə gətirib çıxarmaq istəyirik.
“Qarabağ” qış hazırlığını adətən xaricdə keçirdi, bu dəfə ölkəni tərk etmədiz. Xaricə getməmək futbolçuların hazırlığına nə dərəcədə təsir göstərdi?
- Ancaq yaxşı tərəfdən təsir göstərdi. Çünki il boyu futbolçular gərgin hazırlıq keçir. Avrokuboklara, çempionat matçlarına çıxdıq. Bizdə futbolçuların hər birindən tələblər böyükdür. Qrupa düşmək, qrupdan çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq mümkündür. Psixoloji yorğunluğu isə aradan qaldırmaq üçün düzgün proqrama ehtiyac oldu. Bakıda qalmağa gəldikdə, onsuz da vaxtımız az olacaqdı. Burada qaldıq. Futbolçular məşqlərə gəlib daha sonra ailələrinin yanına gedirdilər. İnanıram ki, bunun futbolçulara faydası çox oldu. İstər-istəməz Antalyada və yaxud da başqa yerdə olsaydıq, hazırlıq fərqli psixoloji formada gedəcəkdi. Bunları nəzərə alaraq, Bakıda qalmağa qərar verdik.
Adama Diakabi komandada qalacaq, yoxsa icarəyə göndəriləcək?
- Maya qədər müqaviləsi var. Mövsümün sonuna qədər bizimlədir. Daha sonra gələcək planlar haqda düşünəcəyik.