"O epizod olmamalı idi"
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda İsveçdə "Hekken"ə qalib gəlib - 1:0.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik. Oyunçular matçı tam idarə edə bildilər. Stadionda bizi dəstəkləyən azarkeşlərimizin hamısına təşəkkür edirəm.
Demək olar ki, futbolçular tapşırıqlarınızı tam yerinə yetirdilər?
- Ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Biz get-gedə oyunu ələ ala bildik. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Amma ümumən oyundan razı qaldım.
Qarşıda "Bayer"lə oyun var, nəyə ümid etmək olar?
- Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşır. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Bu, həmişə bizə faydalı olacaq. "Bayer" də həm Almaniya Bundesliqasında, həm Avroliqada ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. Minimum yaxşı oyun və mübarizə göstərəcəyik.
Bədavinin əvəzlənməsi taktiki gediş idi, yoxsa oyuna tam hazır olmaması ilə bağlı?
- Bədavinin əzələsində ağrı oldu, əvəzlənməsini özü istədi.
Maksimin sonda çox kritik bir "seyv"lə yadda qaldı. Demək olar ki, bu, oyunun ən gözəl anı oldu?
- Bu, hər futbolçunun etməli olduğu işdir, futbolçuların borcudur. O epizod olmamalı idi. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır.
Stadionda erməni təxribatı gözlənilirdi. Belə hallar futbolçulara necə təsir edir?
- Belə şeylər olanda biz daha inamlı olmuşuq. Biz peşəkarıq. İşimiz meydanda futbol oynamaqdır. Hər oyunda təxribatların qarşısını almaq üçün UEFA tədbirlər görür. Düzdür, bəzi hallarda təxribat baş verib. Lakin bu ölkədə hər şey bizim üçün xoş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hömətlə yanaşırıq. Həmişə başımız dik olub. Bu cür hallar bizə təsir etmir.
Müdafiəninn sağ cinahında problem görünürdü. Marko Veşoviç nə vaxt qayıdacaq?
- Belə görünür ki, bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir.
Bəhlul Mustafazadənin vəziyyəti necədir?
- Ayağında sınıq var idi. Sağalmasına bir qədər zaman lazımdır.