"O vaxt Əbülfəs Qarayev məndən xahiş etdi ki, vəzifədən ayrılım"

"O vaxt Əbülfəs Qarayev məndən xahiş etdi ki, vəzifədən ayrılım"

Fevralın 23-də Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) VI hesabat-seçki konfransı keçirilib.

Rüfət Əmirov 3-cü dəfə (1999, 2019, 2024) federasiyaya prezidenti seçilib.

İstefada olan polkovnik, AFFA İcraiyyə Komitəsinin (1997-1999) üzvü, AFFA Hakim-İnspektorlar Komitəsinin sədri (2004-2008) olmuş Rüfət Əmirov Mediasport.az saytına müsahibə verib.


AHFF-da işlər necə gedir? Region Liqası və həvəskarlar arasında çempionat bir-birinə mane olmur?

– AHFF-nı biz 1999-cu ildə yaratmışıq. Düzdür, sonra 2017-ci ildə həvəskar statuslu AFFA Region Liqası yaradıldı. O vaxt AFFA-nın sabiq baş katibi Elxan Məmmədova bildirdim ki, bu düzgün deyil. Ya bizim federasiya ləğv edilməli, ya da bu yarışı biz keçirməliyik. Mən hesabat-seçki konfransında da bildirdim ki, AFFA-ya yeni rəhbərlik gələndə, bu məsələni qaldıracağam. O vaxt 40 komanda ilə yarış keçirirdik. İndi Region Liqası var deyə, 16 komanda ilə yarışımız baş tutur. Biz həm çempionat, həm də kubok yarışı keçiririk.

Yəqin ki, komandaların Region Liqasında iştirakda maraqlı olmasında qalibin UEFA Regionlar Kubokuna vəsiqə qazanması da rol oynayır...

– Əvvəla, hansı komanda ki Region Liqasında final mərhələsinə çıxmırsa, sonra gəlib bizdə oynayır. Çünki bizdə çempionat gec başlayır. Bizdə 1-ci yer üçün 5 min, 2-ci yer üçün 3 min və 3-cü yer üçün 2 min manat veriləcək. AFFA-nın baş katibi Sərxan Hacıyevlə bu barədə danışmışıq. Bu da bizim çempionata komandaları cəlb edir. 2019-cu ildə bizdə çempion olan "Liman" komandasını Gürcüstana aparmışdıq. Baxmayaraq ki, buna bizə imkan verilmirdi.

Bizdə olan məlumata görə, Region Liqasını növbəti mövsümdən AHFF keçirəcək. Region Liqasının yerində isə III Liqa yaradılacaq. Bu, nə dərəcədə doğrudur?

– Onu mən deyə bilmərəm.

Komandalara bu barədə məlumat verilib...

– Ola bilər. Əslində belə də olmalıdır. Federasiya varsa, o da həvəskar statuslu yarışı keçirməlidir.

Sizə mükafat fondu tək AFFA tərəfindən ayrılır, ya başqa qurum da var?

– Biz Sahə Futbol Federasiyasına tabe olduğumuzdan, onun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov həmişə bizə kömək edir. Ancaq indi Şahmat Federasiyasının da prezidenti olduğundan, 2 yerdə işləmək onda alınmır. İndi bizə AFFA 10 min manatı ayırıb.

Yeni seçkidə vitse-prezident və federasiyanın İcraiyyə Komitəsinə üzvlər seçildi. Bunlardan yeni seçilənlər kimlərdir?

– Əlillər Futbol Federasiyasının prezidenti olmuş Şaiq Həmidov 2020-ci ildə rəhmətə getdiyindən, Gənclər və İdman Nazirliyinin Futbol şöbəsinin müdiri Fikrət Hüseynovun isə işi çox olduğundan onlar 2 yeni üzvlə əvəzləndi. Onların yerinə admiral Rafiq Hüseynov və Fərhad Nağıyev seçildi. Rafiq Hüseynov ilk Hərbi Dəniz Qüvvələri Komandanı olub, özü də əvvəllər "Neftçi"nin uşaq komandasında oynayıb. Fərhad Nağıyev isə 2003-2018-ci illərdə AHFF vitse-prezidenti olub.

AHFF-da 3-cü dəfə prezident vəzifəsini icra edəcəksiniz. 2003-cü ildə federasiya prezidenti postundan niyə ayrılmışdınız?

– O vaxt AFFA prezidenti Fuad Musayevlə dövlət arasında problemlər yaranmışdı. Həmin vaxt gənclər, idman və turizm naziri olan Əbülfəs Qarayev məndən xahiş etdi ki, vəzifədən ayrılım. Sonra mən 2004-cü ildən 2008-ci ilədək Hakim-İnspektorlar Komitəsinin sədri oldum. 2003-2019-cu illərdə isə AHFF-da yox, başqa işlərdə çalışdım. 2008-2014-cü illərdə Sahə Futbol Federasiyasının da vitse-prezidenti olmuşam. 2019-cu ildə rəhmətlik Kamil Rəhimovun yerinə yenidən AHFF-da prezident seçildim.

SOCAR-ın AFFA-ya ayırdığı büdcədən sizin federasiyaya hər hansı maliyyə verilir? Klublara nə kimi yardım edirsiz?

- Region Liqasında oynayan komandalara forma, top, hər oyuna gedib-gəlmək üçün 300 manat verilir. Amma bizdə belə deyil. Mən biznesmen adam deyiləm ki, bu öhdəlikləri qarşılayım. Hər şey AFFA-nın yeni rəhbərliyindən asılı olacaq. Rəhbər heç nə etməsə, əlbəttə ki, heç nə də olmayacaq.