"Dərhal qərar verdim ki, "Neftçi"yə gəlməliyəm" - Yeni transfer
"Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. “Neftçi”yə gəlmək mənim üçün prioritet idi”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına açıqlamasında deyib.
Rusiyalı futbolçu yeni klubu barədə təəssüratlarını bölüşüb, planlarından danışıb: "Çox xoş təsəsüratlarım var. Çünki "Neftçi" böyük ənənələrə malik olan böyük klubdur. Ona görə də dərhal qərar verdim ki, bura gəlməliyəm. Açığı, “Neftçi”yə keçmək üçün heç kimlə məsləhətləşməmişəm. "Spartak"da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında "Neftçi" ilə oynamışdıq. Elə orada Emin Mahmudovla danışmışdım. Solomon Kverkveliya da "Neftçi"də oynayıb, onu azca tanıyıram. O da mənə komanda haqda bir az danışmışdı. Prinsipcə, hər bir halda bura gəlmək mənim üçün prioritet idi".
Mirzov yeni komandasında uğurlar qazanmaq istədiyini deyib: "Rəqabət səni artırmağa, inkişaf etməyə vadar edir. Bütün komandalarda rəqabtə var. Bu, yaxşı haldır. Özünü sübut etmək və işləmək lazımdır. Düzünü desəm, əvvəlki klubumla müqavilə başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Qərar verdim ki, bura gəlməliyəm. Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Qoy onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın".
Qeyd edək ki, son olaraq vətənində “Ximki”də çıxış etmiş Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.