"PFL-in himni vaxt aparmır, ona görə Bayılda dəyişiklik nəzərdə tutulmamışdı" - AÇIQLAMA
Məlum olduğu kimi, AFFA İntizam Komitəsi Premyer Liqanın 13-cü turu çərivəsində keçirilmiş "Səbail" - "Sabah" (0:2) qarşılaşmasında Peşəkar Futbol Liqasının himninin səsləndirilməməsinə görə Bayıl klubunu 800 manat məbləğində cərimə edib.
Maraqlıdır, görəsən, PFL marşının "ASCO Arena"da səsləndirilməməsinə səbəb nə olub? Bu barədə mediasport.az saytına açıqlama verən Bayıl klubunun mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova bildirdi ki, noyabrın 5-də baş tutmuş görüş Azərbaycan tarixinin müqəddəs bayramları - Zəfər Günü və Dövlət Bayrağı Günü ərəfələrinə təsadüf etdiyi üçün xüsusi proqram tərtib edilib: "Matçdan öncə stadiona dəvət olunmuş orkestr dövlət himnimizi canlı ifa edilib. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Xüsusi qonaqlar arasında 44 günlük Vətən Müharibəsi və Aprel döyüşlərinin iştirakçıları, qaziləri və şəhidlərimizin ailə üzvləri yer alıblar. Fasilədə vətənpərvərlik və qələbə ruhunda olan ifalar musiqiçilərin müşayiəti ilə canlı səsləndirilib. PFL himninin səsləndirilməməsinə gəlincə, biz oyundan öncəki proqram üçün əvvəldən rəsmi qaydada Peşəkar Futbol Liqasına müraciət etmişdik və qarşı tərəfdən də müsbət cavab aldıq. PFL himninin səsləndirilməməsinə səbəb bayramlar üçün hazırlanan bədii proqramlardan dolayı vaxt çatışmazlığı oldu".
Məsələyə PFL-in də münasibətini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev saytımıza açıqlamasında incə bir məqama toxundu: "Bəli, "Səbail" bu dəyərli günlərlə bağlı bizə müraciət eləmişdi. Biz də onların bayramlarla əlaqədar tədbirlər keçirməsinə razılıq verdik. Amma müraciətdə PFL himninin səsləndirilməyəcəyi ilə bağlı hər hansı bir məqam yox idi. Buna heç ehtiyac da yoxdur. Çünki PFL-in himni vaxt aparmır. Himn futbolçular meydana çıxanda səsləndirilir. Bu, normal prosedurdur və bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmamışdı. Klub ona görə İK tərəəfindən haqlı olaraq cərimələnib".