"Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik"
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı Avropa çempionatının pley-offunun Portuqaliya ilə cavab oyunundan söz açıb:
"Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik".
Mütəxəssis rəqibin səhvlərdən maksimum yararlandığını söyləyib:
"Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur".
Millinin baş məşqçisi Portuqaliyanın vurduğu üçüncü qoldan narazılığını dilə gətirib:
"Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakim olmayan penaltini göstərdi. Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq".
Əsgərov nəticəyə görə məyus olduqlarını bildirib, lakin diqqətlərini növbəti oyunlara yönəltdiklərini açıqlayıb:
"Təəssüf ki, cavab görüşündə qol vura bilmədik. Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B liqasına qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq".
Səfərdə 0:4 hesabı ilə uduzan Azərbaycan Bakıdakı ilk oyunda 1:4 hesabı ilə məğlub olmuşdu.