"Qarabağ" "3-lük"də yer alıb, "Neftçi" "100-lüy"ə düşə bilməyib
Son 5 mövsümdə avrokuboklarda ölkələrinə ən çox xal qazandıran komandaların siyahısı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” faiz baxımından ölkəsinin reytinqinə xal qazandıran klubların sıralamasında üçüncü pillədə qərarlaşıb.
Geridə qalan bu müddətdə Azərbaycanın topladığı ümumi reytinq xallarının 73,1 faizi məhz Qurban Qurbanovun komandasının sayəsində reallaşıb.
Ağdam təmsilçisi son 5 ildə ölkə reytinqinə 13.250 xal qazandırıb. "Köhlən atlar" faiz baxımından yalnız “Vaduts” və “Şerif”dən geri qalır. Lixtenşteyn təmsilçisi ölkəsinin hesabına 100, “Şerif” isə 76 faizlik göstərici ilə xal əlavə etdirib.
"Qarabağ" geridə qalan 5 mövsümdə ən yüksək əmsala malik 100 klubun sıralamasında isə 22-ci yerdədir.
Azərbaycanın hesabında olan 18.125 əmsalın 3.250-si “Neftçi”nin payına düşür. Paytaxt klubu bu göstərici ilə ölkə reytinqinə 17,93 faiz xeyir versə də, Avropanın ilk “100-lüy”ünə düşə bilməyib.