Polyak MŞ sədri: "Qarabağ” məğlub edə bilməyəcəyimiz rəqib deyil"
"Qarabağ" futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu keçsə, növbəti etapda "Rakuv"la qarşılaşa bilər.
Polşa çempionu da öz növbəsində "Flora"nı (Estoniya) mübarizədən kənarlaşdıra bilsə, bu iki tanış komanda yenidən üz-üzə gələcək.
Tərəflər qış fasiləsi zamanı Antalyada yoxlama matçında görüşüblər və polyaklar 3:0 hesablı qələbə qazanıblar.
MediaSport.az xəbər verir ki, "Rakuv"un Müşahidə Şurasının sədri Voysex Sıqan püşk barədə maraqlı açıqlama verib. Klub rəhbəri də məhz 6 ay əvvəlki yoldaşlıq oyununu xatırladaraq, Ağdam təmsilçisinə qalib gəldiklərinə eyham vurub:
"Kimsə elə düşünə bilər ki, "Qarabağ" Polşa komandalarını təqib edir. Amma unutmayaq, qışda biz onlarla Türkiyədə görüşdük və qələbə qazandıq. Düzdür, "Qarabağ"la qarşılaşma bizim üçün daha ciddi çağırış olacaq. Lakin əsas olan meydanda baş verənlərdir. “Qarabağ” məğlub edə bilməyəcəyimiz rəqib deyil. Hələliksə I mərhələdəki rəqibimizə diqqət yetirməliyik. İndi bizim üçün ən vacib olan budur".