"Betis"lə şərik olan "Qarabağ" UEFA-nın yeni reytinqində "Qalatasaray"ı geridə qoydu
Azərbaycan çempionu "Qarabağ" klubların yeni UEFA reytinqində Türkiyə nəhəngi "Qalatasaray"ı geridə qoyub.
Mediasport.az xəbər verir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Qurban Qurbanovun komandası 33.000 xalla 57-ci yerə yüksəlib.
31.500 əmsalla 60-cı pillədə qərarlaşan "Qalatasaray"ı keçən Ağdam klubu İspaniya La Liqası təmsilçisi “Betis”lə eyni xala malikdir.
“Qarabağ”dan sonra təmsilçilərimiz arasında ən yaxşı göstərici "Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 10.000 əmsalla 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür. Paytaxt klubu ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib.
“Qəbələ” 4.500 xalla 275-cidir, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.
Reytinqə 148.000 xalla İngiltərə nəhəngi “Mançester Siti” başçılıq edir.