“Qarabağ” sürpriz edə bilər” - "Braqa"nın eks yarımmüdafiəçisi

“Qarabağ” sürpriz edə bilər” - "Braqa"nın eks yarımmüdafiəçisi

“Qurban Qurbanovun “Braqa” ilə bağlı məlumatlı olması oyun zamanı komandasına çox kömək edə bilər”.

Mediasport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Portuqaliyanın “Braqa” klubunun sabiq futbolçusu Marsio Mossoro deyib.

Braziliyalı yarımmüdafiəçi keçmiş klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlardan danışıb.

41 yaşlı "sambaçı" Portuqaliya təmsilçisinin daha keyfiyyətli oyunçulara sahib olduğunu bildirib:

“Açığı, Azərbaycan çempionatı haqqında bir o qədər məlumatım yoxdur. Amma “Qarabağ”ın heyətində yaxşı futbolçuların olduğunu bilirəm. Mənə görə, favorit “Braqa”dır. Bununla belə, “Qarabağ” rəqibinə sürpriz edə bilər”.

2008-2013-cü illərdə “Braqa”nın formasını geyinmiş təcrübəli oyunçu komandanın son illərdə xeyli inkişaf etdiyini vurğulayıb: “Gənc futbolçulardan ibarət əla heyəti var. İndiki və əvvəlki “Braqa”nı müqayisə etmək elə də çətin deyil. Fərq göz önündədir. Çox sürətli oynayırlar. Bizim vaxtımızda isə komanda daha çox topa nəzarət etməyə üstünlük verirdi”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.