"Qarabağ"a məğlubiyyətə görə özündən çıxan klub prezidenti futbolçuların qarşısına şərt qoyub
UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin ilk görüşündə "Qarabağ"a uduzan "Braqa"nın prezidenti Antonio Salvador özündən çıxıb.
Mediasport.az xəbər verir ki, 2:4 hesablı məğlubiyyətdən qəzəblənən klub rəhbəri oyun başa çatan kimi paltardəyişmə otağına yollanıb.
Portuqaliyanın məşhur "O`Jogo" nəşrinin yazdığına inansaq, əsəblərini cilovlaya bilməyən funksioner təxminən 1 saat uca səslə qışqıraraq komanda üzvlərinə sərt şəkildə etirazlarını çatdırıb.
Salvadorun sonda futbolçuların qarşısına Bakıda baş tutacaq cavab matçında qələbə qazanmaq tələbi qoyduğu bildirilir.
Qeyd edək ki,Azərbaycan çempionu Portuqaliya təmsilçisini fevralın 22-də qəbul edəcək.
Qarşılaşma saat 21:45-də başlanacaq.