"Qarabağ"ın Avropada oyun tərzi belədir, rəqiblər əziyyət çəkir"
"Çox sevinirəm, oyunçularımla fəxr edirəm. Vacib üç xal qazandıq, gözəl oynadıq. Çox çətin olacağını bilirdik. Həqiqətən belə oldu".
Mediasport.az xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambus UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun "Qarabağ"la görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Kiprli mütəxəssis 3:2 hesablı qələbəni şərh edib. O, bir qədər də bəxtlərinin gətirdiyini qeyd edib:
"Əziyyət çəkdik, amma bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də əhəmiyyətlidir. Bu gün bir az da bəxtimiz gətirdi. İlk dəqiqədə qol buraxmaq çətin idi. "Qarabağ" çox pressinq edirdi. Üçüncü qol gəldikdən sonra qələbəni qazandıq.
"Qarabağ"dan nə gözləyirdiksə, onu gördük. Rəqibi araşdırmışdıq. Avropada oyun tərzi belədir, rəqiblər əziyyət çəkir. “Qarabağ” güclü komandadır. “Ayaks”la”, “Lion”la, “Zirə” ilə oyunda da hücumameyilli, güclü və sərt oyun göstərdiyini görmüşük. Qurban Qurbanova və komandasına böyük hörmətim var".
Qeyd edək ki, Azərbaycan çempionu bu məğlubiyyətdən sonra pley-offa yüksəlmək şansını itirib.