"Qarabağ"ın oyununda anşlaq olacaq: "Artıq 15 min bilet satılıb"
"İndiyə olan məlumata əsasən, artıq 15 min bilet satılıb. Bütün biletlər satışa çıxarılıb".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın PR, Media və Marketinq Departamentinin rəhbəri Yusif Cəfərov deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində avqustun 31-də Bakıda keçiriləcək "Qarabağ" - "Olimpiya" matçına təxminən 29 min biletin satışa çıxarıldığını deyən klub rəsmisi oyunda anşlaq olacağını proqnozlaşdırdığını bildirib:
"Qonaq komanda üçün ayrılan yerlərdən əlavə, bütün biletlərin satılacağını gözləyirik. Sloveniya klubu azarkeşləri üçün bizə müraciət ediblər, onlara təxminən 30 yer ayırmışıq. Ümid edirik ki, azarkeşlərimiz stadionu dolduracaqlar və komandamızın Avropa Liqasının qrup mərhələsinə keçidini birlikdə qeyd edəcəyik".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Azərbaycan çempionu ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəlib. "Atlılar" Sloveniya çempionunu keçə bilməsələr, Avropa Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.