Estoniya Futbol Assosiasiyası AFFA-nı çıxılmaz vəziyyətə saldı - Millimizin oyunu Türkiyədə ola bilər
Noyabrda UEFA Millətlər Liqası turnirinin C Liqasının 5-ci turu çərçivəsində keçirilməli olan Azərbaycan - Estoniya matçı ilə bağlı naməlum vəziyyət davam edir.
AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, Estoniya Futbol Assosiasiyası görüşün Qəbələ şəhər stadionunda keçirilməsinə razılıq verməyib.
Belədə federasiya UEFA-nın bu səviyyədə tələbələrinə cavab verən digər stadion axtarışına çıxıb.
Lakin həmin günlərdə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) keçiriləcəyindən Bakı Olimpiya Stadionu (BOS) daxil, paytaxt və Sumqayıtda yerləşən digər arenalarda qarşılaşmanın təşkil edilməsi mümkün deyil.
Federasiyadan redaksiyamıza bildirilib ki, görüşün Azərbaycana daha yaxın qardaş Türkiyədə baş tutması variantı onlara daha uyğundur.
Lakin burada yenə Estoniya Futbol Assosiasiyasının razılığı mütləqdir. Danışıqlar davam etdirilir.
Xatırladaq ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da reallaşmalıdır.