"Qarabağ"ın zədəlilərindən xəbər var
“Qarabağ”ın zədəli futbolçularının sağlıq vəziyyəti müəyyənləşib.
Ağdam klubundan "MediaSport"a verilən məlumata görə, UEFA Çempionlar Liqasının II tənsifat mərhələsinin "Rakuv"la səfər görüşünün gedişində zədələnən Elvin Cəfərquliyevin durumu qaydasındadır.
Milli komandamızın üzvü cavab matçınadək tam hazır olacaq.
Qarşılaşmadan əvvəl məşqdə zədə alan "köhlən atlılar"ın aparıcı oyunçusu Marko Veşoviçin zədəsi kifayət qədər ciddidir. Təcrübəli monteneqrolu futbolçu azı 4 həftə komandasına kömək edə bilməyəcək.
Digər zədəli - yeni transfer Juninyonun da vəziyyəti qənaətbəxşdir. 27 yaşlı braziliyalı sonradan çıxmaq şərtilə Polşa çempionuna qarşı forma geyinə bilər.
Komandalar arasında ikinci duel avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq. İlk matç "Rakuv"un xeyrinə yekunlaşıb - 3:2.